...

Beynəlxalq səviyyədə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsə qarşı vandalizmin qarşısı alınmayıb - Səadət Yusifova

Siyasət Materials 20 Aprel 2023 12:32 (UTC +04:00)
Beynəlxalq səviyyədə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsə qarşı vandalizmin qarşısı alınmayıb - Səadət Yusifova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin müəllif hüquqü sisteminin yaradılmasında və əqli mülkiyyət sahəsinin inkişafında müstəsna xidmətləri olmuşdur. Ulu öndərin əsasını qoyduğu yaradıcılığın və mədəni irsin qorunmasına təminat verən Azərbaycanın müəllif hüququ, keçmişimizin yaddaşı olan folklor nümunələrinin gorunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Trend-in məlumatına görə, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.

O bildirib ki, bu günkü tədbir hər bir Azərbaycanlı üçün həssas olan çox önəmli bir mövzuya - Zəngəzur kontekstində tarixi - mədəni irsimizin hazırkı vəziyyətinə və erməni saxtakarlqlarına həsr olunub.

“Əzəli Azərbaycan torpaqları olan Zəngəzurun Qərb hissəsinin Ermənistana verilməsi artıq 100 ildir ki, türk dünyasının coğrafi parçalanmasına geritib çıxarmışdır. Biz XX əsrin ilk onilliklərində xalqımızın payına düşən acı taleyin və bu tarixi faciənin ağır nəticələrini indiyə qədər yaşayırıq. Son 30 ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması prosesi öz kökünü məhz həmin dövrdə yaşanan faciələrdən və buraxılmış tarixi səhvlərdən götürür.

Ermənistan 100 il ərzində tarixi Azərbaycan torpaqlarında tarixi-mədəni irsimizi dağıtdığı, yer üzündən sildiyi və saxtalaşdırdığı kimi 30 illik işğal dönəmində də Qarabağ və Şərqi Zəngəzurda azərbaycanlıların izlərini tamamilə silməyə, tarixi saxtalaşdırmağa çalışmışdır. İşğal dönəmində Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəni irsimizin dağıdılması və saxtalaşdırılmasının qarşını almaq üçün Azərbaycan bütün beynəlxalq platformalarda öz haqq səsinin eşidilməsi üçün durmadan çalışmışdır.

Bu mənada, mədəniyyət üzrə universal platforma olan UNESCO çərçivəsində fəaliyyəti xüsusi vurğulamaq lazımdır. Birinci Vitse-Prezident, ICESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük səyləri və şəxsi nüfuzu sayəsində Azərbaycanın tarixi və mədəni irsi bu gün dünya miqyasında daha çox tanınır və yüksək qiymətləndirlir”, - deyə S.Yusifova bildirib.

O vurğulayıb ki, 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda milli- mədəni irsimizin dağıdılması və saxtalaşdırılması ilə bağlı Azərbaycan dəfələrlə faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı beynəlxalq təşkilatlarda məsələ qaldırsa da, Ermənistanın geyri-konstruktiv mövqeyi səbəbindən bu, mümkün olmamışdır.

“Beynəlxalq səviyyədə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsə qarşı vandalizmin qarşısı alınmamış, susqunluq nümayiş etdirilmişdir.

Qlobal miqyasda saxtakarlıqla məşqul olan ermənilər, klassik Şərq-Islam memarlığı üslubunda tikilmiş şəhərlərdə olan karvansarayları, məscidləri, hamamları, türbələri heç cür təhrif edə bilmədiyindən çıxış yolunu onları məhv etməkdə və ya tanınmaz hala salmaqda görmüşdür.

İşğal dövründə Azərbaycan mədəniyyətinin beşiyi Şuşada olan 300-dən artıq tarixi memarlıq abidəsindən əksəriyyəti tamamilə dağıdılmışdır. Üzeyir Hacıbəyovun və Xan Şuşinskinin evlərinin ancaq bünövrəsi qalmış, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bey Vəzirovun və Mir Möhsün Nəvvabın evləri yerlə yeksan edilmişdir. Xan qızı Natəvanın mülkündən ancaq divar salamat qalmışdır. Molla Pənah Vaqifin əzəmətli muzey-məqbərə kompleksi üzlük daşlarına qədər talan edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi "28 il ərzində Şuşaya yad olan ermənilər nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib.

Xatırlayırsınızsa, ilk 200 erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilər 1978-ci ildə Ağdərənin Marağa kəndində abidə də ucaltmışdılar. İndi nəinki belə abidələr dağıdılmış, yerli Alban-xristian abidələri də təhrif edilmişdir. Kəlbəcər rayonunda Xudavang monastri, Xocavənd rayonunun Hünərli kəndində, Tuğ kəndində olan alban məbədləri ermənilərin saxtalaşdırmaq istədiyi alban abidələrinə misaldır. Erməni vandalizmi yalnız azərbaycanlıların tarixi-mədəni və dini irsine deyil, həm də digər dini ziyarətgahlara qarşı da tətbiq olunub. 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş Rus Pravoslav Kilsəsi də bu acı taleyi yaşayıb.

Azərbaycanın bir çox tarixi abidələri üzərində yerləşdirilmiş daş kitabələrdə inşa tarixi ilə yanaşı, həm ustad müəllifin, həm də sifarişçinin adları həkk olunub. Lakin müəllif hüquqlarına tecavüz sahəsində qlobal lider olan ermənilər bu kitabələri belə saxtalaşdırmaqdan çəkinməyib. Məsələn, azərbaycanlı tacir Səməd Ağa Cavanşirin XIX əsrdə Şuşada tikdirdiyi bulağın belə ərəbcə yazılan melumat lövhəsi xaçlarla əvəzlənərək ermənilər tərəfindən saxtalaşdırılıb.

Ümumilikdə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində 706 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 11-i dünya əhəmiyyətli (6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji), 240-1 ölke ahamiyyetli (119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyəti arxeoloji), 455-i yerli əhəmiyyətli (393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental ve xatire, 22-si yerli əhəmiyyətli arxeoloji abide, 17-si dekorativ-tətbiqi sənət nümunələri) abidələrdir.
Bu gün Müzəffər ali baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun və xalqının Vətən müharibədə qazandığı tarixi zəfərdən sonra Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur, oraya milli ruh və mədəni muhitin gaytarılması üçün böyük işlər görülür”, - deyə S.Yusifova əlavə edib.

O vurğulayıb ki, Mədəniyyət Nazirliyi tərəfindən Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edən ilkin monitorinqlər zamanı 427 tarix-mədəniyyət abidəsinə baxış keçirilmişdir.

“Həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılmışdır. Monitorinqlər zamanı bir çox abidələrin dağıdıldığı, mənimsənildiyi və vandalizm aktlarına məruz qaldığı aşkar edilmişdir. Lakin əminliklə deyə bilərik ki, qalib xalq olaraq biz Qarabağ və Şərqi Zəngəzuru daha da gözəl şəkildə bərpa edəcəyik.

Artıq 3-cü ildir ki, böyük sevinc və həyəcan hissi ilə Qarabağda, Şuşada keçirilən Xarı Bülbül festivalının sədasını eşidəcəyik. Bərpa edilmiş Vaqif məqbərəsinin ətrafında keçirilən Vaqif Poeziya günlərinin də şahidi olacağıq. Bundan başqa, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir və yaxın günlərdə Şuşa onun təntənəli açılış mərasiminə ev sahibliyi edəcək.

Azərbaycan xalqının 30 ildən artıqdır ki, pozulan mədəni hüquqları da dövlətimizin öz qüdrəti hesabına bərpa olunacaq. İşğaldan azad olunmuş ərazilərdə böyük sürətlə aparılan quruculuq işlərindən sonra öz yurdlarına qayıdan insanlar Qarabağın əsl ruhunu geri qaytaracaq və Qarabağ yenidən regionun yüksək mədəniyyət mərkəzinə çevriləcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti