...

Azərbaycansız Avropa ilə Asiya arasında əməkdaşlıq olmayacaq - Xarici ekspertlər

Siyasət Materials 5 May 2023 09:20 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan mədəniyyət paytaxtı Şuşa növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi etdi. ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirildi.

2-4 may tarixlərində Bakıda və Şuşada keçirilən beynəlxalq konfransda 30-dan çox ölkədən 60-a qədər nümayəndə iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev 3 saatdan çox davam edən konfransda bir çox vacib məqamlara toxundu xarici ekspertlərin, mütəxəssislərin suallarını cavablandırdı. Prezident İlham Əliyev həm regiondakı vəziyyət, eyni zamanda Azərbaycanın geniş coğrafiyada artan rolu, Ermənistanla davam edən sülh danışıqları barədə ətraflı məlumatlar verdi.

Xarici eskpertlər, mütəxəssislər Prezident İlham Əliyevin iştirakı ilə keçirilən konfransdan sonra öz fikirlərini Trend-ə bölüşüblər.

Amerika və Avropa Tədqiqatlar İnstitutunun (RIEAS) direktoru Con Nomikos Trend-ə açıqlamasında Prezident İlham Əliyevin konfransdakı çıxışından mütəəssir olduğunu qeyd edib.

"Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın maraqlarını necə irəli sürmək lazım olduğunu bilir".

Nomikos, həmçinin ölkəmizə səfər etməkdən çox məmnun olduğunu dilə gətirib. Onun sözlərinə görə, məlumat əldə etməyin ən yaxşı yolu ölkəyə şəxsən səfər etmək, insanlarla danışmaqdır. Nomikos eyni zamanda bu gün Azərbaycan Avropa ölkələri üçün mühüm tərəfdaş olduğunu da vurğulayıb.

Polşalı politoloq və jurnalist, siyasi elmlər namizədi Yakub Koreyba isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycansız Avropa ilə Asiya arasında əməkdaşlıq olmayacaq.

Azərbaycanın Avrasiya üçün oynadığı rolu anlamaq, xüsusən Avropa ilə Asiya arasında mühüm dəhlizlərin, əsas əlaqə yollarının bağlı olduğu və bunun nə qədər davam edəcəyinin məlum olmadığı böhran vaxtında Azərbaycansız Avropa ilə Asiya arasında əməkdaşlığın olmayacağını dərk etmək çox vacibdir.

Məsələn, bu qış bizi Polşada Azərbaycan qazı xilas etdi. Bir çox digər Avropa ölkəsi kimi biz də enerji sistemimizi yenidən qurmaq, yeni neft, qaz, kömür, elektrik enerjisi tədarükçüləri axtarmaq məcburiyyətində qaldıq və onları o cümlədən Azərbaycanda tapdıq", - Koreyba deyib.

O qeyd edib ki, Azərbaycan təkcə Avropa ilə əməkdaşlığa hazır deyil, həm də Asiya ilə əməkdaşlıqda maraqlıdır.

"Biz başa düşürük ki, Avrasiyanın gələcəyi Azərbaycandan asılıdır və Azərbaycan öz növbəsində Avropa ilə Asiya arasında əməkdaşlığı təşviq etmək istəyir və bunu edə bilər", - politoloq deyib.

Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Robert M. Katler isə Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycan Avropanı enerji ilə təmin edə biləcək iki ölkədən biridir.

“Dünyada qaz və neftin Avropaya tədarükü üçün ciddi perspektivləri olan cəmi iki ölkə var - Norveç və Azərbaycan”, - Katler bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Avropaya ehtiyacı olan əhəmiyyətli dəniz enerji resursları var, lakin Avropa İttifaqının enerji siyasəti, xüsusən də “Şimal axını” vasitəsilə Rusiyadan qaz alışına yönəlmiş enerji siyasəti səbəbindən onların potensialı tam reallaşdırılmır.

Ekspert həmçinin Cənub Qaz Dəhlizinin əhəmiyyətini qeyd edib, onun sözlərinə görə, bu, postsovet dövründə beynəlxalq enerji əməkdaşlığının ən mühüm nailiyyətlərindən biridir.

Ümumilikdə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin Şuşada keçirilən dördüncü beynəlxalq konfransda səsləndirdiyi fikirləri Ermənistan, o cümlədən sülh yaratmaq istəyən digər ölkə və təşkilatlar tərəfindən düzgün təhlil edilməli, regionun təhlükəsizliyi üçün Azərbaycanın yaratdığı reallıqlardan nəticə çıxarmalıdırlar. Çünki ənənəvi olaraq Azərbaycan tələblərində həmişə haqlı tərəf olub və öz ərazi bütövlüyünü qorumaq ölkəmizin suveren hüququdur. Bu gün Azərbaycan təkcə regionun yox, eyni zamanda geniş miqyasda dünya düzəninin formalaşmasında birbaşa iştirak edən ölkələrdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti