...

Heydər Əliyevin bir günü: Ümummilli Lider Azərbaycan dilinin və diasporunun əhəmiyyəti barədə

Siyasət Materials 22 İyun 2023 11:54 (UTC +04:00)
Heydər Əliyevin bir günü: Ümummilli Lider Azərbaycan dilinin və diasporunun əhəmiyyəti barədə

Bakı. Trend:

Trend BİA Ümummilli Liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli Liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını xronikada bizimlə birgə yada salmağı təklif edirik.

Ulu Öndər Heydər Əliyev 22 iyun 2000-ci ildə Moskvada Azərbaycanlıların Ümumrusiya Konqresinin təsis yığıncağında iştirak edib. Ümummilli Lider tədbir iştirakçıları qarşısında çıxışında Azərbaycan dilinin ölkənin, cəmiyyətin və millətin inkişafındakı roluna ətraflı toxunub, həmçinin dünyada Azərbaycan diaspor təşkilatlarının yaradılması prosesini təhlil edib.

Heydər Əliyev hər bir azərbaycanlının Azərbaycan dilini bilməli olduğunu vurğulayıb. "Ancaq eyni zamanda, mən bilirəm ki, Rusiyada yaşayan azərbaycanlılar, yaxud da Azərbaycanın özündə yaşayan azərbaycanlılar uzun illər olan ənənəyə görə rusca təhsil alıblar, ailələrində də daha çox rusca danışıblar. Ona görə də öz dillərini bilməkdə bir az qüsurları var. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycan dili dövlət dili elan olundu. Bundan doqquz il keçir. İndiyə qədər də Azərbaycanda, Bakıda, hətta dövlət işində çalışan azərbaycanlılar var ki, bizim müxtəlif iclaslarda, toplantılarda xahiş edirlər ki, öz fikirlərini daha dəqiq ifadə etmək üçün onlara rus dilində danışmağa imkan verilsin. Mən isə neçə dəfə onları xəbərdar etmişəm ki, sizə bir az da vaxt verirəm, ancaq əgər o müddətdə də öz ana dilinizi, dövlət dilinizi öyrənə bilməsəniz, bundan sonra dövlət işini tərk edəcəksiniz. Ondan sonra hansı dildə danışırsınız-danışın", - deyə Ümummilli Lider qeyd edib.

"Ancaq hər kəs harada yaşayır-yaşasın, - təkcə Rusiyada yox, lap Avstraliyada, yaxud da, nə bilim, Cənubi Afrikada yaşasa da, - gərək nəinki öz dilini unutmasın, onu həmişə bilsin", - deyə o əlavə edib.

"Mən Azərbaycanda dəfələrlə çıxış edib demişəm və bunu sizə də deyirəm: mən istəyirəm ki, azərbaycanlılar, - bunu xüsusən gənclərə ünvanlayıram, - rus dilini də, ingilis dilini də, fransız dilini də, alman dilini də, ərəb dilini də, ispan dilini də yaxşı, təmiz bilsinlər. Amma Azərbaycan dilini də yaxşı bilsinlər. İnsan nə qədər çox dil bilsə, o qədər də zəngindir. Təkcə bir dillə yaşayan adam indiki, müasir dünyada, bütünlükdə bir-biri ilə əlaqədə olan dünyada, təbiidir ki, çətinlik çəkər", - deyə Heydər Əliyev vurğulayıb.

Diaspor məsələlərindən danışan Ümummilli Lider qeyd edib ki, harada yaşayırlarsa yaşasınlar, azərbaycanlılar bir-biri ilə bağlı olmalı, bir-biri ilə əlaqə saxlamalıdırlar. "Əvvəla, bu, dilimizin, ənənələrimizin, adətlərimizin qorunub saxlanmasına kömək göstərəcəkdir. İkincisi, bu, hər bir azərbaycanlıya kömək edəcəkdir. Azərbaycanlının başına bir iş gəldikdə, başqası ona kömək edəcəkdir. Əlbəttə, onun rus və ya yəhudi, yaxud hər hansı başqa millətdən olan dostu var, o da dostdur və ona kömək edəcəkdir. Amma hər halda azərbaycanlı doğmadır, adət-ənənəsinə görə də, xasiyyətinə görə də ona həmişə yaxındır. Buna görə də istərdim ki, Rusiyada yaşayan azərbaycanlılar bir-biri ilə səmimi münasibətlərdə olsunlar. Bu isə Rusiyanın müxtəlif regionlarında icmalar yaradılması ilə mümkündür. Mən eşidəndə ki, Rusiyanın 50 vilayətində formalaşmış icmalar var və bu icmaların nümayəndələri mənimlə görüşmək üçün buraya, Moskvaya gələ bilərlər, bu məni çox sevindirdi. Rusiyada çoxlu azərbaycanlı olduğu məlumdur. Təkrar edirəm, mən buna müsbət yanaşıram. Lakin bizdə mütəşəkkillik çatışmırdı, ünsiyyət çatışmırdı, əgər indi bu məsələ həll edilmişsə, bu, çox yaxşıdır, çox xoşdur", - deyə Heydər Əliyev qeyd edib.

Ümummilli Lider Qarabağ münaqişəsinə erməni diasporunun təsirindən danışıb. "Bilirsiniz ki, biz, təəssüflər olsun, Ermənistanla qonşuluqdayıq, onunla dostluğumuz heç cür baş tutmur. Siz Ermənistanla Azərbaycan arasında münasibətlərin tarixini bilirsiniz, azərbaycanlılar sülhsevər xalqdır, azərbaycanlılar başqa xalqlara heç zaman pis münasibət bəsləməyiblər. Bizdə tolerantlıq, xalqımızın dini dözümlülüyü yüksək səviyyədədir. Biz günahkar deyilik ki, ermənilər, - əlbəttə, onların hamısı deyil, ancaq təcavüzkar separatçılar və ya ekstremistlər və sair, - müxtəlif vaxtlarda müxtəlif münaqişələri qızışdırmış və nəhayət, 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini qoparıb özlərinə birləşdirmək üçün birbaşa hücuma keçmişlər. Dağlıq Qarabağ münaqişəsi də bundan başlamışdır. O, indiyədək davam edir və biz bu münaqişəni heç cür həll edə bilmirik. Biz əvvəllər də bilirdik. Ancaq bu münaqişə yarandıqdan sonra biz bu barədə daha çox məlumat almağa başladıq, yəni ki, bir görün, ermənilər müxtəlif ölkələrdə necə mütəşəkkildir, bir-biri ilə necə yaxındır, necə güclü icmaları var. Məsələn, siyasətlə və dövlət fəaliyyəti ilə uzun illər məşğul olmuş adam kimi hətta mən də bunun belə olduğunu əvvəllər bu dərəcədə təsəvvür etmirdim. Xatirimdədir, Ermənistan-Azərbaycan münaqişəsi yenicə başlanmışdı və Qorbaçov Amerika Birləşmiş Ştatlarına ilk səfərə getmişdi, sovet mətbuatında xəbər verdilər ki, orada o, erməni icmasının nümayəndələri ilə görüşübdür. Siz yəqin ki, xatırlayırsınız. Sən onda, məncə, deputat idin. Onlar Qorbaçova hansısa bahalı bir hədiyyə, daha doğrusu, Raisa Maksimovnaya bahalı hədiyyə verdilər. Bu, bizdə hiddət doğurdu. Bəli, hiddət doğurdu. Çünki Sovetlər İttifaqının dövlət başçısı olan Qorbaçov ermənilərə də, azərbaycanlılara da eyni münasibət göstərməli idi. Yeri gəlmişkən, dünən mən bir televiziyaya müsahibə verdim və bunu bir daha dedim. Əgər 1988-ci ildə Qorbaçov və onun ətrafındakılar düzgün mövqe tutsaydılar, bu münaqişə belə şəkil almazdı və bu qədər itki olmazdı, Ermənistan da, Azərbaycan da bugünkü kimi belə düşmənçilik münasibətində olmazdı. Bunun təqsirkarından biri o və o vaxtkı sovet rəhbərliyidir", - deyə Heydər Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın xaricində olan azərbaycanlılar da birləşməlidir. "Nəyin naminə? Müstəqil Azərbaycanın naminə. Kim həqiqi azərbaycanlıdırsa, kim öz torpağını, valideynlərini sevirsə, indi onun üçün bir Azərbaycan var, bir Azərbaycan torpağı var və Azərbaycan dövləti var, Azərbaycanın prezidenti var! Əmin ola bilərsiniz ki, Azərbaycanın bu prezidenti son nəfəsinə qədər Azərbaycanın müstəqilliyini, daxili sabitliyini qoruyacaq, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcək və ən əsası, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacaqdır.", - Heydər Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti