Bakı. Trend:
Prezident İlham Əliyev 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə bir çox məsələlərə toxunub və mühüm mesajlar verib. Prezident İlham Əliyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır. O, sülh razılaşması deyildi. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq. Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
"Azərbaycanın həmişə sülhə can atdığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, bizim ölkəmiz hər addımında sülh tərəfdarı olduğunu nümayiş etdirir. Ermənistan isə himayədarlarının dəstəyinə arxalanaraq, 30 illik işğal dövründə yaşananların təkrarlanmasına çalışır. Belə ki, işğalçı dövlət ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə sülh təklifini dəstəkləsə də, hələ də konkret addım atmaq istəmədiyi diqqətdən kənarda qalmır. Hansı ki, Azərbaycan sülh təklifinin uzun müddət masa üzərində qalmayacağını bəyan edib", - millət vəkili bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsində Ermənistandakı ermənilərə önəmli mesaj göndərib:
"Bildirilib ki, Azərbaycan onların dövləti ilə sülh istəyir, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin, Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı.
Ermənistanın işğal dövründə həyata keçirdiyi işğalçılıq siyasətindən danışılarkən qeyd olunub ki, otuz illik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilib. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmayıb. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Füzuli tamamilə yerlə-yeksan edilmib, Ağdamda da vəziyyət eynidir.
Laçın dəhlizi adlandırılan yol ətrafında baş verən hadisələrə toxunan Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işlədiyi qaydada fəaliyyətini davam etdiribBir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Azərbaycan tərəfindən müdaxilə etmək addımı da yox idi. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi.
Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın legitim hüququdur və heç kəs tərəfindən, o cümlədən, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.
Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiası yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcək. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi, Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.
Ermənistan hökumətinin iki seçimi olduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar".