...

Ermənistanın törətdiyi təxribatlar beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməlidir - XİN

Siyasət Materials 1 Sentyabr 2023 11:58 (UTC +04:00)
Ermənistanın törətdiyi təxribatlar beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməlidir - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

31 avqust-1 sentyabr tarixlərində Ermənistan tərəfi növbəti dəfə hərbi təxribata əl atıb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən bildirilib.

Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə etməklə atəş açıblar.

Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkildə törədilmiş bu təxribat nəticəsində ümumilikdə 3 hərbi qulluqçumuz yaralanıb.

Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.

Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür.

Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcək.

Xatırladaq ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb. Eyni zamanda bu gün (senytabrın 1-i) Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti