Bakı. Trend:
Ermənilər müəllifi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş baş prokuroru Luis Okampo olan anti-Azərbaycan məruzəsinin hazırlanmasına kömək ediblər.
Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə ABŞ-nin Kaliforniya ştatının Orinc dairəsinin Ali Məhkəməsinin hakimi Qassiya Alkaryan deyib.
O bildirib ki, erməni hüquqşünaslar həm İrəvanda, həm də Qarabağda aktiv şəkildə onların iddiasına görə, Qarabağda "Azərbaycan tərəfindən törədilən", əslində isə mövcud olmayan "soyqırım" ilə bağlı qondarma "sübutlar" "toplayıblar".
Bundan başqa, Alkaryan qeyd edib ki, "bu sənədin hazırlanmasında əsasən erməni əsilli amerikalılar iştirak edib".
O əlavə edib ki, sonradan Okamponu da onlara qoşulmağa dəvət ediblər və onlar birlikdə "sənəd" üzərində "çalışıblar".
Bir halda ki, bu məruzəni "hazırlayanlar"ın böyük bir hissəsi bu və ya digər formada Ermənistanla əlaqəlidir, onunla bağlı hansı qərəzsizlikdən danışmaq olar?
Bundan başqa, artıq sübut olunub ki, Okampo hələ vəzifədə olarkən, həmçinin vəzifədən kənarlaşdırıldıqdan sonra da maliyyə fırıldaqları ilə məşğul olub. Onun öz "əməyinə" görə ermənilərdən də "mükafat" aldığı istisna deyil.
Azərbaycan da öz növbəsində məruzədə deyilənləri araşdırmaq məqsədilə vəkil cəlb edib. Beynəlxalq hüquq sahəsində təcrübəli vəkil olan Rodni Dikson Okamponun irəli sürdüyü subyektiv fikirləri təkzib edib. Dikson belə nəticəyə gəlib ki, Qarabağın erməni əhalisinin qondarma, guya "soyqırım"a məruz qaldığına dair iddia heç bir sübutla təsdiq olunmayıb və beynəlxalq ictimaiyyət Okamponun "sənəd"inə ciddi yanaşmamalıdır.
(Tərcümə: Rəna Əbdürəhmanova)