Qarabağdakı separatçı xuntanın kapitulyasiyasından və Xankəndindəki rejimin aqoniyasından sonra proseslərin inkişaf məcrası maraqlıdır.
Separatçı xuntanın sabiq "rəhbərləri" Arkadi Qukasyanın, Bako Saakyanın və Araik Arutyunyanın saxlanaraq Bakıya gətirilməsi onların törətdikləri əməllərə, xalqımıza və dövlətimizə qarşı reallaşdırdıqları hərbi cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verəcəklərini ehtiva edir.
Bu insanlar həm də bəşəriyyətə qarşı cinayətlər törətmiş şəxslərdir ki, onların qandallanması qarabağlı ermənilərin separatizmin "reallığı"nın sonu kimi qəbul da edilə bilər.
Lakin bundan sora nə olacaq?
44 günlük İkinci Qarabağ Müharibəsindən sonra rəsmi Bakı geosiyasət, iqtisadiyyat və xüsusilə də diplomatiya sahəsində nəhəng həcmdə işdlər görüb.
Xankəndindəki separatçı xuntanın kapitulyasiyası yalnız xalqımıza, dinc vətəndaşlarımıza qarşı soyqırımlar törətmiş rejimin mövcudluğunun finişi yox, həm də Azərbaycan cəmiyyətində sürəkli siyasi gərginliyə səbəb olan, ictimai çağırışların sayını artıran səbəblərin aradan qaldırılmasıdır.
Yaşanmış hadisələrin miqyası, dərinliyi və həcmi hələ də bizə tam bəlli deyil, çünki hadisələr o qədər sürətlə cərəyan edir, qələbələr sürətlə bir-birini əvəzləyir ki, reallaşanlar hadisələr məcrasını xatırladaraq ən ciddi uğurları sanki adiləhdirir.
Cəmi bir neçə il əvvəl düşmənin bir səngərinin, postunun, mövqeyinin nəzarətimizə keçməsinə; strateji əhəmiyyətə malik yüksəkliyin və ya kiçik kəndin işğaldan azad edlməsinə hədsiz sevinirdik.
İndisə Azərbaycanın bütün (!) ərazisində suverenliyimiz bərqəra olub, ərazi bütövlüyümüz bərpa edilib, ölkədə "boz zona"lar qalmayıb.
Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə - bu şəhərlər separatçılardan təmizlənib.
Xalq və hakimiyyət sözün əsl manasında birləşrək illər əvvəl mümkünsüz, ağlagəlməx sayılan işləri gördülər. Bu proseslər gələcəkdə tarix kitablarına düşəcək, çünki İkinci Qarabağ Müharibəsində düşməni darmadağın etmək üçün illər əvvəl ordumuzda, güc strukturlarında, cəmiyyətdə, dövlət qurumlarında - ümumiyyətlə, hakimiyyətlə cəmiyyətin bütün səviyyələrində və tabanlarında ciddi islahatlara başlandı.
O islahatlar taleyüklü oldu.
Sonucda xalqımız ən böyük arzusuna çataraq torpaqlarımızın 20 faizinin 30 il davam edən işğalına son qoydu.
Bunun üçün olduqca ağır, mürəkkəb, çoxşaxəli və çoxistiqamətli əməliyyatlar aparmaq gərəkdi.
Hərb meydanında düşməni məğlub etmək qələbə deyil: qələbənin siyasi-diplomatik müstəvidə təminatı və qorunması gərəkdir.
Azərbaycan bunu bacardı.
Məsələn, Türkiyə ilə münasibətlər vektoruna baxaq.
Qardaş ölkə ilə əlaqələrimiz son 20 ildəki təki həmişə intensiv və güclü olmayıb. Qarşılıqlı əlaqələri mövcud səviyyəyə çatdırmaq üçün Türkiyənin siyasi elitaları ilə təmasların sayı hədsiz idi.
İsraillə əlaqələr barədə də eyni sözləri demək olar. Türkiyə və İsrail arasındakı münasibətlərin sərinləşdiyi, Ankara ilə Təl-Əvivin əsəblərinin tarıma çəkildiyi bir zamanda Bakı bizə qardaş iki ölkənin təmaslarının normallaşmasında vasitəçi rolunu oynamağa başladı. Eyni zamanda, Azərbaycan ordusunun modernizasiyasında İsrailin hərbi-sənaye kompleksi ilə anlaşmalar əhəmiyyətli yer tutdu.
Qələbəni şərtləndirən belə məqamlar çoxdur.
44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan, Rusiyanın Sülhməramlı Kontingenti (RSK) müvəqqəti olaraq ərazilərimizə yeridiləndə cəmiyyətdə suallar çox idi ki, onların arasında əsas yeri Xankəndində bayrağımızın nə zaman dalğalanacağı ilə bağlı idi.
Fəqət, emosiyalara qapılanlar hadisələri tələsdirməyə çalışmaq kimi əməli gerçəkləşdirirlər.
Proseslərsə çətin, mürəkkəbdir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə İspaniyanın Qranada şəhərində danışıqlar keçirilməli idi.
Lakin rəsmi Bakı Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu Qranada müzakirələrindən imtina edib.
Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır.
Məhz belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.
Rasional, sərt, amma konstruktiv qərardır.
Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsininin imzalanması prosesində həddən ziyadə önəmli addım ola biləcək Qranada görüşündən Bakının imtinası nə siyasi demarşdır, nə də diplomatik sərtlik. Tam əksinə, rəsmi Bakı bu görüşün baş tutması üçün gərəkən bütün addımları atdı, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olması, Ermənistanla münasibətlərin normallaşdırılması və s. istiqamətdə irəliləyişlər üçün zəruri prosedurlara hazır olduğunu göstərdi.
Rusiya, ABŞ, Avropa İttifaqı ilə yanaşı, Türkiyənin də bölgəmizdəki geosiyasi və geostrateji proseslərdə ciddi rol oynadığını, rəsmi Ankaranın fəal iştirakı olmadan regionda sülhlə stabilliyin bərqərar olmayacağını deyən rəsmi Bakının mövqeyi anlaşılan, konstruktivdir.
Məhz bu səbəbdən rəsmi Bakı Qranadadakı görüş və müzakirələrdə Türkiyənin iştirakını zəruri, labüd sayıb.
Lakin Fransa və Almaniya buna qətiyyətlə etiraz etdilər.
Ümumiyyətlə, təklif olunmuş beştərəfli formatda (Azərbaycan-Ermənistan-Fransa-Almaniya-Avropa İttifaqı) məhz rəsmi Parisin ifrat ermənipərəst və qərəzli mövqeyi nəticəsində marazmatik səviyyəyə çatmış ermənipərəst mühit formalaşmışdı.
Fransa prezidenti Emmanuel Makrondan tutmuş, bu ölkənin xarici işlər və müdafiə nazirlərinə, senatorlara və deputatlara qədər ən müxtəlif şəxslərin Ermənistana tam dəstək məzmunlu bəyanatları, daha sonra Fransa XİN-nin başçısı Katrin Kolonnanın İrəvana səfərində verdiyi açıqlamalar, Parisin İrəvana silah-sursat və hərbi texnika satışlarını artırmağa hazırlaşması təbii ki, regionda gərginliyin daha da artmasına səbəb olub.
Avropa İttifaqı Şurasının sədri Şarl Mişelinsə “Euronews”a müsahibəsində “Mən Dağlıq Qarabağda yaranmış böhran vəziyyətinə görə Azərbaycanı məsuliyyətli hesab edirəm. Azərbaycan hakimiyyətinin bir çox məsələlərdə fəaliyyətini obyektiv tənqid etməsinə baxmayaraq, baş verənləri etnik təmizləmə adlandıra bilmərəm, çünki insanlar öz istəyi ilə gediblər” söyləyərək ölkəmizə qarşı absurd ittihamlar irəli sürməsi Qranada formatında Bakının əslində hədəf qismində görüldüyünü ortaya qoyur.
Bakı məhz bu səbəbdən Qranada görüşündən imtina etdi.
Belə qüsurlu, subyektiv, qərəzli mühitlik formata ehtiyacımız yoxdur. Xüsusilə də bölgəmizdən çox uzaq ölkələrlə regionun problemlərinin müzakirəsi məntiqi təsir bağışlamır.
Bütün mövcud problemlər məhz region çərçivəsində müzakirə olunaraq hədd edilə bilər.
Fəqət, əvvəlki Avropa İttifaqı-Azərbaycan-Ermənistan formatı bərpa olunarsa, müvafiq görüşdə və danışıqlarda iştirak edə bilərik.
Bir şərtlə ki, orada Fransa olmasın.
Fransanın qatıldığı istənilən formatda Bakı iştirak etməyəcək.