Bakı. Trend:
Dünyada sülhün inkişafına töhfələr verənlər məhz qadınlardır.
Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin, xüsusilə qadınların işlə təminatı, sosial müdafiəsini gücləndirilməsi, yeni işlərinin açıqlaması dövlət tərəfindən nəzərə alınıb.
"Ümumilikdə, “Böyük Qayıdış” layihəsi çərçivəsində 19 iyul 2022-ci il tarixdən bu günə qədər Zəngilana, Laçına, Füzuliyə, Tərtərə, Ağalıya, Zabux və Talış kəndlərinə ümumilikdə 520 ailə (2104 nəfər) köçürülüb. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzura 34500 ailənin köçürülməsi nəzərdə tutulur ki, bu da 160 minə yaxın vətəndaşın qayıtması deməkdir".
B.Muradova qeyd edib ki, Azərbaycanda qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi xətti də məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
"Həmçinin, bu il, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə baş tutan Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. Bu Platforma ictimai-siyasi həyatımızda dönüş nöqtəsi olmaqla, onun özünün qeyd etdiyi kimi gələcək üçün mütəşəkkil qadın hərəkatının da əsasını qoyub.
Bu hərəkatın uğurunu təmin etmək üçünsə yüksək təhsilə, peşəkar bacarıqlara yiyələnən, ictimai-siyasi proseslərə həvəslə qatılmağa hazır qadınlara ehtiyac olub. Onun ölkəmizə rəhbərliyinin bütün illərində xidmət müəssisələrində, istehsalatda çalışan nə qədər gənc qızımız işləməklə bərabər tələbə adını qazanıb öz fərdi taleyində böyük bir dönüşə nail olub. Həmin qızar, qadınlar potensiallarını gerçəkləşdirmək imkanı qazandılar, onlara olan inamı, etimadı doğrultdular və müxtəlif vəzifə pillələrində irəli çəkildilər. Beləcə, ölkəmizi bütün dünyada layiqincə təmsil edən neçə-neçə alimimiz, mədəniyyət xadimimiz, idmançılarımız, savadlı və dünyagörüşlü qadınlarımız yetişib".
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.
Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.