...

ABŞ-nin ikiüzlü və riyakar siyasəti dünyada sülhə təhdiddir - Vüqar Rəhimzadə

Siyasət Materials 16 Noyabr 2023 20:02 (UTC +04:00)
ABŞ-nin ikiüzlü və riyakar siyasəti dünyada sülhə təhdiddir - Vüqar Rəhimzadə
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirildi. Təbii ki, bu dinləmələr ilk deyil. Təəccüb doğuran məqam budur ki, hər dəfə keçirilən dinləmələrdə ədalət və beynəlxalq hüquq prinsiplərinə ABŞ dövlətinin maraqları prizmasından yanaşmasının şahidi oluruq. Ədalətin və beynəlxalq hüququn tətbiqi üçün vahid mexanizmin olmadığı çağdaş dünyamızda bəzi güclərin, o cümlədən ABŞ və Fransanın kiçik dövlətlərə bu məsələlərlə bağlı “dərs” keçmək cəhdləri necə qəbul edilə bilər?

Bu fikirləri Trend-ə “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.

O qeyd edib ki, ABŞ Konqresindəki dinləmələr bir daha keçmiş Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və 27 il ərzində bu istiqamətdə heç bir konstruktiv addım atmayan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi ABŞ-ın tarixi Zəfərimizi, ən əsası, uğurlarımızın əsasında dayanan müstəqil siyasətimizi qısqanclıqla qarşıladığını təsdiqlədi. Şübhəsiz, Azərbaycanın tarixi Zəfərini şərtləndirən amillər beynəlxalq ictimaiyyətə yaxşı bəllidir. Təbii ki, burada əsas olan keçmiş münaqişənin həlli ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr-ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu məqamı qeyd etməyimiz səbəbsiz deyil. Qarabağla bağlı qətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən ABŞ və Fransa istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə bu sənədlərə zidd addımları ilə diqqətdə oldular. Yəni, onlar Ermənistana bu sənədlərdən irəli gələn vəzifələri icra etmək üçün təzyiqlər göstərmək əvəzinə, əksinə “demokratiyaya dəstək” adı altında maddi və mənəvi dəstək göstərdilər. ABŞ Konqresinin işğal dövründə Ermənistana və Qarabağdakı artıq gorbagor olmuş separatçı rejimə vəsait ayırması diqqətdən kənarda qala bilməzdi. Sual olunur: Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə nə üçün keçmiş münaqişənin 30 il həllini gözləməsində ABŞ kimi dünya gücünün ikili standartlara əsaslanan siyasətindən bəhs olunmur? İşğal dövründə bir milyondan artıq insanın pozulmuş hüquqları niyə onları narahat etmirdi? Ermənistana dəstək göstərib yeni ərazilər uğrunda müharibə planları hazırlayanda ABŞ-ı Qarabağın gələcəyi niyə düşündürmürdü? Tarixi Zəfərimizdən sonra Qarabağın gələcəyi bu səbəbdən ABŞ və Fransanı narahat etməyə başlayıb? Təbii ki, bu kimi sualları xeyli sayda davam etdirə bilərik.

V.Rəhimzadə bildirib ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Heç də təsadüfi deyil ki, tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Bu faktın özü dinləmələrin təşkilində əsas məqsədin nədən ibarət olduğunu açıqlayır. Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirdi və qarşı tərəfə sülh təklifini etdi. ABŞ belə dinləmələrin təşkilindənsə ədaləti və beynəlxalq hüququ unutmayaraq Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməli və regionda sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək göstərməlidir. Azərbaycan buna nail olmaq üçün üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir. Ermənistan isə üç ildir ki, tərəddüdləri ilə diqqətdədir. ABŞ, Fransa kimi özlərini ədalətin və beynəlxalq hüququn “müdafiəçisi” kimi aparan bəzi güclərin belə əsassız yanaşmaları, Ermənistana dəstəkləri sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olur.

Baş redaktor vurğulayıb ki, Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Konqres ABŞ-ın özünün günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsaydı daha düzgün olardı. Bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərdə, müharibələrdə, dövlət çevrilişlərində, vətəndaş müharibələrində ABŞ-ın iştirakı və rolu bu ölkənin özündən başqa hər bir dövlətə məlumdur. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. ABŞ-ın Ermənistana dəstəklərini şərtləndirən amillər göz önündədir. Eyni dəyərləri bölüşən dövlətlərdən biri təbii ki, özünün işğalçılıq siyasətinə haqq qazandırmaq üçün digərini müdafiə edəcək. Erməni vandallarının işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklər hazırda bu torpaqlara səfər edən hər kəsə bəllidir. ABŞ Ermənistanı müdafiə etməklə özünün qaranlıq keçmişini və bu gününü ortaya qoymuş olur. Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan da məhz Amerikadır.

Qeyd edilib ki, Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq. 2001-ci ildə Birləşmiş Ştatlarda baş verən terror aktı zamanı dövlətimizin prinsipial mövqeyi ABŞ-ın ovaxtkı Administrasiyasını bu qərarın ədalətsizliyini qəbul etməyə və onun bir illik dondurulması barədə qərarı qəbul etməyə məcbur etdi. Erməni diasporunun təsiri ilə 1992-ci ildə həmin ədalətsiz addımın atılmasında əsas məqsəd Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq idi. Azərbaycan 10 il həmin ədalətsiz qərarın tətbiqi şəraitində yaşadı. Amma nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə daha da inkişaf etdi. Noyabrın 15-də Konqresdə keçirilən dinləmələrdə bildirilib ki, ABŞ Azərbaycana yardım etməyəcək. ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq. Bu ədalətsiz qərarın birdəfəlik ləğvinin bu günədək müşkülə çevrilməsi bütün məqamları açıqlayıb. Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur.

“Azərbaycana diktə etmək istəyənlərə hər zaman yeri göstəriləcək. ABŞ-ın, Qərbin ölkəmizdəki şəbəkəsi təmizlənməli, USAID kimi təşkilatların fəaliyyəti dayandırılmalı, heç kəs bu təşkilatlarla əməkdaşlıq etməməlidir. “Azadlıq”, “Amerikanın səsi” radiolarında çalışan jurnalistlərimiz bu dağıdıcı ruporların Azərbaycana yaxşı heç nə gətirmədiklərini anlamalıdırlar”, - deyə baş redaktor qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti