Bakı. Trend:
ABŞ Senatının 15 noyabr tarixli qərarı 21-ci əsrdə Zəfər qazanan xalqımızın qəhrəmanlığının əzilən bütün millətlərə nümunə olacağından qorxudan irəli gəlir.
Trend-in məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, tarix təkrar olunur.
“Düz 34 il əvvəl, 1989-cu ilin 19 noyabrında ABŞ Konqresi “Qarabağda əhalinin 80 faizinin ermənilər olduğunu, keçirilən referendumun əhalinin iradəsini ifadə etdiyini vurğulayaraq, sovet Ermənistanına yardım, SSRİ rəhbərliyi ilə Qarabağın taleyinin ayrılıqda həllinə dair” qətnamə çıxardı.
Üstündən iki ay sonra ata Buş 20 Yanvar faciəsini alqışladı, Qorbaçova bəraət qazandıran dövlət katibi Ceyms Beykersə dedi ki, “mənasız qantökməni və milli ədavəti durdurmaq üçün ordudan istifadə olunmalıdır”. Göründüyü kimi, 15-16 noyabr dinləmə və qərarı könhə kursun davamıdır”, - deyə Z.Oruc bildirib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 907-ci düzəlişə qarşı uzun illər savaşarkən demişdi:
“Pulunuzu istəmirik, lakin haqsız qərarınız bizi mənəvi cəhətdən əzir”. Gerçəkdən, hökm kimi sözlərdir. İndi 1992-ci ildəki məğlub yox, qalib xalqa qarşı cəza istəyirlər. Bayden Administrasiyası 20 sentyabrdan sonra Azərbaycanla münasibətlərin pisləşdiyini deyir və guya bizi sülhə gətirirlər. Azərbaycanın Ermənistana hücum edəcəyini dövlət katibi Blinkenin adından yayıb, sonra təkzib edənlərin niyyəti barış deyil”, - deyə deputat əlavə edib.