...

DTX-nin Akademiyasının 25 illiyi münasibətilə tədbir təşkil edilib (FOTO)

Siyasət Materials 2 Dekabr 2023 10:22 (UTC +04:00)
DTX-nin Akademiyasının 25 illiyi münasibətilə tədbir təşkil edilib (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının (Akademiya) yaranmasının 25 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib.

DTX-dan Trend-ə verilən xəbərə görə, tədbirdə hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti və əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və təhlükəsizlik orqanlarının veteranları iştirak edib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Sonra Akademiyanın 25 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib, ardınca çıxış üçün söz DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə verilib.

Qonaqları salamlayaraq Akademiyanın professor-müəllim heyətinə və kursantlarına təbriklərini çatdıran Xidmət rəisi 25 il bundan əvvəl - 1998-ci il dekabrın 1-də Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə xüsusi xidmət orqanları üçün ali təhsilli kadrların hazırlanması məqsədilə təhlükəsizlik orqanının Akademiyasının yaradılmasının, eləcə də 25 illik yubileyinin məhz Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi ilə təsadüf etməsinin bu orqanların tarixində mühüm hadisə olduğunu vurğulayıb, hazırda təhsil ocağında Heydər Əliyevin peşəkarlıq məktəbinin və vətənpərvərlik irsinin sadiq davamçılarının yetişdirildiyini diqqətə çatdırıb. Mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanları qarşısında Ulu Öndərin əvəzsiz xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabr ayının 20-də imzaladığı Fərmanla Akademiyaya dahi şəxsiyyət Heydər Əliyevin adının verilməsinin isə təhlükəsizlik orqanlarının tarixinə növbəti əlamətdar hadisə kimi daxil olduğunu qeyd edən general-polkovnik Əli Nağıyev bildirib ki, bu gün DTX-nin və Akademiyanın şəxsi heyəti öz fəaliyyətini Ümummilli Liderin amalları və ideyaları üzərində qurmaqdadır.

DTX-nin rəisi Əli Nağıyev Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ötən müddət ərzində Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsilin müasir tələblərə uyğun şəkildə təşkil edilməsi, çağdaş texnoloji yenilikləri uğurla tətbiq etməklə tədris prosesinin səviyyəsinin yüksəldilməsi yönümündə görülən işlərdən ətraflı danışıb, son illərdə Akademiyanın kursantlarının ölkəmizin aparıcı ali təhsil müəssisələri arasında keçirilmiş müxtəlif bilik yarışlarında ardıcıl olaraq qalib adını qazanmasının qürurverici hal olduğunu deyib.

Daha sonra digər qonaqlar da çıxış edərək Azərbaycanda təhsil-tədris sahəsində aparılan islahatlardan, Akademiyanın bu strateji sektorun inkişafına verdiyi töhfələrdən bəhs etmiş, professor-müəllim heyətinə və kursantlara çətin və şərəfli yolda uğurlar arzulayıblar.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlara mədəniyyət və incəsənət xadimlərinin ifasında bədii proqram təqdim olunub.

Akademiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər dekabrın 2-də “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcıdır” adlı elmi-praktiki konfransla davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti