Bakı. Trend:
Zabit artıq 5 il deyil, vəzifələrində 10 illik xidmət müddəti başa çatdıqdan sonra öz arzusu ilə buraxıla biləcək.
Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək.
Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.