...

Əsirlərin dəyişdirilməsi - Azərbaycan Prezidentinin humanizm prinsiplərinin növbəti təzahürü - ŞƏRH

Siyasət Materials 13 Dekabr 2023 16:51 (UTC +04:00)
Əsirlərin dəyişdirilməsi - Azərbaycan Prezidentinin humanizm prinsiplərinin növbəti təzahürü - ŞƏRH

Bakı. Trend:

Ermənistanla Azərbaycan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı razılığın əldə olunması birbaşa olaraq Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin humanizm prinsiplərinin növbəti təzahürüdür.

Trend xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O vurğulayıb ki, bu, həm də Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına verdiyi böyük dəyərin göstəricisidir.

“Xeyli müddətdir ki, Ermənistanda saxta ittihamlarla saxlanılan iki hərbçimizin geri alınması onların ailələrinin və yaxınlarının böyük sevincinə səbəb olub. Bu ailələr öz doğmalarına qovuşduqları üçün dövlətimizə minnətdardır. Diqqət çəkən məqamlardan biri də, Azərbaycanla Ermənistan arasında əldə edilmiş bu razılıq heç bir vasitəçi olmadan həyata keçirilib”, - deyə S.Kərimli diqqətə çatdırıb.

Siyasi ekspertin sözlərinə görə, tərəflər, xüsusilə də Azərbaycan bir daha nümayiş etdirdi ki, Ermənistanla Azərbaycan arasında sülh prosesində, münasibətlərin normallaşdırılması istiqamətində üçüncü tərəfə və ya vasitəçiyə ehtiyac yoxdur. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, bölgədə uzunmüddətli sülh və dayanıqlı təhlükəsizliyin əldə edilməsi istiqamətində atılan addımlar öz müsbət nəticələrini verməkdədir.

“Bu da onu göstərir ki, uzun illərdən sonra ilk dəfə olaraq Ermənistanla Azərbaycan arasında buzlar əriyir, qarşılıqlı etimad yaranır və tərəflər xoş niyyətlərini nümayiş etdirir. Hesab edirəm ki, bu uğur həm də Azərbaycanın qətiyyətli, haqlı və ədalətli mövqeyi nəticəsində mümkün olub”, - deyə Sahil Kərimli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti