Bakı. Trend:
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə bir sıra vacib və aktual məsələlərə toxunuldu. Dövlət başçımız Azərbaycanda iqtisadi inkişafın təməlində dayanan islahatlar, neft, qaz sektorunun iqtisadiyyatımızdakı yeri, həyata keçirilən sosial siyasət, düşmənlərdən azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək vəsaitlər, iqtisadi artımı təmin edəcək sahələrə və yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu, Azərbaycan qazına Avropada olan ehtiyacın artması, ölkəmizdə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər, neft hasilatından təbii qaz istehsalına keçid, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri fonunda Azərbaycanın geosiyasi yüksələn xətlə artması barədə dəyərli fikirlərini bölüşdü. Cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.
Prezident İlham Əliyev eyni zamanda onu da qeyd etdi ki, hətta işğal dövründə də Azərbaycan iqtisadiyyatı inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Azərbaycan bir ay içində xarici borcunu ödəyə bilər. Dünyada bunu edə biləcək çox ölkə yoxdur.
20 il ərzində Azərbaycana 300 milyard dollardan artıq sərmayə cəlb olunaraq neft və qaz sektorundan aslılıq azaldılıb və ölkə iqtisadiyyatımız genişləndirilib. Azərbaycanın ümumi daxili məhsulu bu illər ərzində dörd dəfə artıb. Hərtərəfli düşünülmüş sosial siyasət və enerji layihələrinin həyata keçirilməsi nəticəsində qazanılan sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölgüsü yoxsulluq səviyyəsini 5,5 faizə qədər endirib. Azərbaycanda enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçməsi, Cənub Qaz Dəhlizinin başa çatdırılması qaz təchizatının coğrafiyasını genişləndirməyə və bir çox ölkələrə qaz ixrac etməyə imkan yaradır. Azərbaycan qazına Avropada böyük ehtiyacın yaranması yanacaq enerjisi sahəsinə investisiyaların qoyulmasına və bu siyasətin davam etdirilərək inkişafına səbəb olur. Bununla bərabər bərpa olunan enerji mənbələrə birbaşa xarici investisiyaların qoyulması, günəş elektrik stansiyalarının açılması ilə bağlıdır.
Eyni zamanda dövlət başçısı cənab İlham Əliyev qeyd edərək bildirdi ki, son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsi zamanı çıxışında bildirmişdir ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsi siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaradıb.
Çıxışı zamanı Azərbaycanın qonşu ölkələrlə münasibətlərindən danışan cənab Prezident İlham Əliyev bildirmişdir ki, bu münasibətlər dostluğa və qarşılıqlı marağa əsaslanır. Ermənistanla sülh danışıqları prosesi barədə danışan dövlət başçımız bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini nəzərə alınmalıdır. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Prezident İlham Əliyev çıxışı zamanı diqqətə çatdırdı ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəzilərinə mənsub olan insanlar Qarabağda erməni əhalisindən qatqat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Qarabağ ermənilərinin də hüquqları təmin olunacaqdır.
Milli Məclisin deputatı,
Rauf Əliyev