Bakı. Trend:
8 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının birinci vitse-spikeri Əbdürrəhim Əl-Maayah və İordaniya Senatı sədrinin köməkçisi, İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin rəhbəri Müflih Ər-Rəhimini qəbul edib.
XİN-dən Trend-ə verilən xəbərə görə, görüşdə, Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, Prezident seçkilərini müşahidə məsələləri, habelə regional inkişaflar müzakirə edilib.
İki ölkə liderləri arasında yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artımın əlaqələrin daha da inkişafına təkan verdiyi qeyd olunub.
Münasibətlərin daha da inkişaf etdirilməsində xüsusilə parlament diplomatiyasının əhəmiyyətli rolunun olduğu vurğulanıb.
Diplomatik münasibətlərin əsasının qoyulmasından keçən 30 ildən artıq müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, təhsil və s. sahələr üzrə faydalı ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dostluq və həmrəyliyə əsaslanan dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin və Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı görülən təşkilati tədbirlər barədə qarşı tərəfə məlumat verib, bu olduqca əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün əlavə imkan yaradacağına əminlik ifadə olunub.
Müqabil tərəf, növbədənkənar Prezident seçkilərinin uğurlu təşkili, habelə nəticələri ilə bağlı təbriklərini çatdırıb, ölkəmizə və xalqımıza davamlı inkişaf və rifah arzu edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.