...

Nikol Paşinyan açıqlaması ilə erməni cəmiyyətinə ümumi vəziyyəti başa salır - ŞƏRH

Siyasət Materials 19 Mart 2024 14:41 (UTC +04:00)
Nikol Paşinyan açıqlaması ilə erməni cəmiyyətinə ümumi vəziyyəti başa salır - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşdə verdiyi açıqlama məntiqəuyğundur.

Bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.

O bildirib ki, bundan əvvəl Ermənistan cəmiyyəti bütün məsələlərə şovinist tərbiyə ruhundan baxıb.

"Bu da Ermənistana baha başa gəlib. Paşinyan 44 günlük müharibədə nə qədər qorxmadıqlarını, döyüşəcəklərini desə də, əslində, Azərbaycan qarşısında müqavimət göstərə bilməyəcəyini bilirdi. Paşinyan həmin ərəfədə Ermənistan cəmiyyətinə təklif irəli sürdü.

Bildirdi ki, biz ya Azərbaycan üçün nisbətən sərfəli şərtlərlə sülh müqaviləsi imzalayacağıq, ya da müharibədə məğlub olacağıq. Ermənistan cəmiyyəti Paşinyanla razılaşmadı və nəticədə, Azərbaycan öz əzəli torpaqlarını erməni işğalından azad etdi. Daha sonra Paşinyanı ittiham edəndə o qeyd etdi ki, mən sizlərə seçim vermişdim. Siz müharibəni seçdiniz", - o deyib.

Ekspert vurğulayıb ki, hazırda Paşinyan səkkiz kəndin Azərbaycana məxsus olduğunu bildirir.

"Biz bu əraziləri Azərbaycana qaytarmalıyıq. Çünki bunun sonu müharibə ilə bitə bilər. Bu da yekunda Azərbaycanın öz ərazilərini azad etməsi ilə nəticələnə bilər. Şərt o deyil ki, ölkəmiz bir həftə sonra hücum eləsin. Paşinyan bu açıqlaması ilə erməni cəmiyyətinə ümumi vəziyyəti başa salır. Bununla da cəmiyyətin reaksiyasını yoxlayır.

Bildirir ki, bu, Ermənistan və həmin kəndlərdə yaşayan erməni əhali üçün heç də arzuolunan vəziyyət deyil. Paşinyan belə açıqlama verməklə bu məsələni Ermənistan cəmiyyətinin öhdəsinə buraxır. Belə ki, Ermənistanın Azərbaycanla hər hansı sərhəd qarşıdurması olarsa və zəif bənd kimi çıxarsa, bunun tək günahkarı Paşinyan hakimiyyəti deyil, həm də məsələnin sülhlə həllinə qarşı çıxan insanlarda və keçmiş separatçı qalıqlardadır",- deyə Rzayev qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş sakinləri ilə görüşdə deyib ki, İrəvan Bakı ilə delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina edərsə, həftənin sonunadək müharibə başlaya bilər.

"Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya və demarkasiyanın olmayacağını demək olar, lakin bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda nələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanında görüşəndə siz deyəcəksiniz: "Yaxşı, biz sadə kəndlilər idik, bizim məlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz", - Paşinyan deyib.

Bundan başqa, Paşinyan Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin praktik mərhələyə daxil olduğunu bildirib.

"Bu proses o deməkdir ki, Ermənistan sərhədinin haradan keçdiyini yerində dəqiqləşdirmək lazımdır. Biz, bizim komissiyalarımız Ermənistanın haradan başladığını yerində müəyyən etməliyik və bu, sərhəd olmalıdır", - deyə baş nazir əlavə edib.

Xatırladaq ki, 7 mart tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti