...

Azərbaycan və Rusiya münasibətləri yeni mərhələdə

Siyasət Materials 22 Aprel 2024 20:53 (UTC +04:00)
Azərbaycan və Rusiya münasibətləri yeni mərhələdə
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət başçıları arasında olan sıx münasibətlər sayəsində Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir. Rusiya və Azərbaycan arasında əlaqələr iki qonşu dövlətlə yekunlaşmır, çoxəsrlik tarixə malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin yeni mərhələsinin başlanğıcıdır.

Trend Azərbaycan-Rusiya münasibətlərinin müxtəlif aspektlərinə nəzər salır:

Azərbaycan-Rusiya siyasi əlaqələri

İki ölkə arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində qurulub. Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi 1992-ci ildə, Rusiyanın Azərbaycandakı Səfirliyi 1992-ci ildə təsis olunub. 2004-ci ildə Azərbaycanın Sankt-Peterburq, 2010-cu ildə Yekaterinburq şəhərlərində Baş Konsulluqları açılıb. Son dövrlər iki ölkə arasında siyasi əlaqələr yüksələn xətlə inkişaf edib.

İki ölkə arasında siyasi əlaqələr dövlət başçılarının birbaşa təmaslarından əlavə, eyni zamanda, parlamentlər səviyyəsində də uğurla aparılır. Milli Məclisinin və Rusiya Federal Məclisinin Federal Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiya fəaliyyət göstərir. Azərbaycan Milli Məclisində Rusiya Duması ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən 263 sənəd imzalanıb.

2022-ci ildə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik haqqında imzalanmış Bəyannamə xüsusi vurğulanmalıdır.

Azərbaycan-Rusiya iqtisadi əlaqələri

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycandan qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr arasında Rusiya qabaqcıl yerlərdədir.

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ticarət dövriyyəsinin həcmi 2.786 710,64 mln. ABŞ dolları, o cümlədən, idxalın həcmi 1.992 232,14 mln. ABŞ dolları, ixracın həcmi 794 478,50 mln. ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə mənfi 1.197 753,64 mln. ABŞ dolları olub.

2023-cü ilin yanvar-avqust aylarında Rusiya Federasiyasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 7,85 faiz (3-cü yer), o cümlədən, idxalda 17,87 faiz (1-ci yer), ixracda isə 3,26 faiz (5-ci yer) təşkil edib.

Rusiyanın ölkəmizə bütün sahələrdə sərmayələrinin həcmi indiyədək təxminən 8,5 mlrd. ABŞ dolları (qeyri-neft sahəsinə 6,4 mlrd. ABŞ dolları) təşkil edib, ölkəmiz isə Rusiyaya təqribən 6,4 mlrd. ABŞ dolları (qeyri-neft sahəsinə 1,1 mlrd. ABŞ dolları) miqdarında sərmayə yatırıb.

Qarabağda aparılan bərpa-quruculuq işlərində iştirak üçün Rusiyadan olan 22 şirkət müraciət edib.

Mədəni əlaqələr

İki ölkə arasında mədəniyyət sahəsində də əlaqələr sürətlə inkişaf edir. 2023-cü ildə baş tutan bir sıra tədbirləri qeyd etmək kifayətdir ki, əlaqələrin hansı müstəvidə olduğu barədə təsəvvür yaransın. 2023-cü ilin 2 fevral tarixində görkəmli Azərbaycan bəstəkarı, alim, pedaqoq, SSRİ Xalq artisti Qara Qarayevin 105 illiyi ilə əlaqədar Bakıdakı Rus evində Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərinin konserti olub.

Ötən ilin 11-12 aprel tarixlərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Bakıda Teatr Forumu baş tutub. 2023-cü ilin 7 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Yuli Solomonoviç Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Əlbəttə, siyahını daha da genişləndirmək olar.

Təhsil sahəsində əlaqələr

2023/2024-cü tədris ilinə olan məlumata əsasən, Azərbaycanda tədrisin rus dilində aparıldığı ümumtəhsil müəssisələrinin sayı 324-dür (ötən il 329 müəssisə). Sözügedən müəssisələrdə 153 645 (ötən il 158 754) şagird təhsil alıb. Bununla yanaşı, 801 227 şagird rus dilini ikinci xarici dil kimi öyrənib. Elm və Təhsil Nazirliyinə tabe 20 ali təhsil müəssisəsinin 14-də rus dilində tədris imkanları mövcuddur.

Ümumilikdə ölkə üzrə 28 ali təhsil müəssisəsində rus dilində tədris mövcuddur və bu müəssisələrdə 2022/2023-cü tədris ilində 16 153 tələbə rus dilində təhsil alıb. 2022/2023-cü tədris ili üçün Azərbaycan vətəndaşları üçün ayrılan kvota üzrə 250 nəfər Rusiyanın ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edib. 2023/2024-cü tədris ili üçün Azərbaycan vətəndaşları üçün ayrılan kvotanın sayı 270 olub.

Statistik göstəricilər, imzalanan sənədlər, dövlət başçılarının sıx münasibətləri, qarşılıqlı səfərlər onu deməyə əsas verir ki, Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir.

Xəbər lenti

Xəbər lenti