...

Azərbaycan bölgəmiz üçün əsl sülh mühiti yarada bilib - Azər Qarayev

Siyasət Materials 24 Aprel 2024 18:07 (UTC +04:00)
Azərbaycan bölgəmiz üçün əsl sülh mühiti yarada bilib - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxundu.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, bu gün Azərbaycan regional gücdən qlobal gücə çevrilməkdədir.

"Azərbaycan Prezidentinin dünyada artan nüfuzu sayəsində ölkəmiz regionun qabaqcıl ölkəsi olmaqla yanaşı, dünyada qlobal problemlərin həllinə töhfə verən ölkəyə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycan prezidentinə olan yüksək etimad bunu deməyə əsas verir”.

Politoloq əlavə edib ki, artıq region üçün yeni perspektivlər formalaşıb:

“Dövlət başçısı növbəti dəfə beynəlxalq ictimaiyyətə regiondakı ən son vəziyyət və gözləntilər barədə dolğun məlumat verdi. Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyünü və suverenliyini təmin etdi, sonra bəzi Qərb dairələrinin və beynəlxalq təşkilatların ölkəmizə təzyiqləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesi, Azərbaycanın işğal edilmiş 4 kəndinin geri qaytarılması regionda sülh üçün yeni reallıqlar yaratdı.

Azərbaycanın təşviq etdiyi sülh gündəliyi bugünlərdə aktiv fazaya daxil olub. Azərbaycan regiona kənar qüvvələrin dağıdıcı təsirlərinin qarşısını almaqla, bölgəmiz üçün əsl sülh mühiti yarada bilib”.

A.Qarayev vurğulayıb ki, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır.

“Azərbaycan dövləti üçüncü oyunçuların regionda sabitliyi pozmasına imkan vermir və verməyəcək. Bu gün, təəssüf ki, biz bəzi dairələr tərəfindən Azərbaycana qarşı qərəzli mövqeyin şahidi oluruq. Çünki onlar regionda müstəqil siyasət yürüdən, sülh təşəbbüskarı bir dövlətin mövcudluğunu həzm edə bilmirlər. Lakin keçən zaman kəsiyi onu göstərdi ki, Azərbaycanla heç kim təzyiq dilində danışa bilməz və bu metod heç bir nəticə vermir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibə aparırlar. Azərbaycan dövləti isə bütün lazımi cavab tədbirlərini görür”.

A.Qarayev bildirib ki, Azərbaycan dövləti üçün vətəndaşlarının təhlükəsizliyi ən basilica amillərdən biridir.

“Dövlətimiz tərəfindən də bu istiqamətdə bütün işlər yüksək peşəkarlıqla görülür. Azərbaycan üzərindən ikili oyunlar oynamaq istəyənlərin bütün planları da kağız üzərində qalmağa məhkumdur”.

Xəbər lenti

Xəbər lenti