...

Biz Ermənistanla sülh danışıqlarında mühüm irəliləyiş əldə etmişik - Elçin Əmirbəyov

Siyasət Materials 30 İyul 2024 19:06 (UTC +04:00)
Biz Ermənistanla sülh danışıqlarında mühüm irəliləyiş əldə etmişik - Elçin Əmirbəyov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Ermənistanla sülh danışıqlarında mühüm irəliləyiş əldə etmişik.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vaşinqtonda Hudson İnstitutunda onlayn seminarda çıxışı zamanı deyib.

"Biz sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etmişik. Biz heç vaxt bu qədər yaxın olmamışıq. İndi hər iki ölkənin bu düşmənçilik fəslini nəhayət bağlamaq və Cənubi Qafqaz regionunda vəziyyəti dəyişmək, onu mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsət var. Bildiyiniz kimi, bu proses uzun müddətdir ki, davam edir. Demək olar ki, otuz il idi ki, vasitəçiliyimiz var idi, lakin ötən ilin dekabrında hər iki ölkə qərara gəldi ki, danışıqları davam etdirmək və onları yekunlaşdırmaq üçün ən effektiv və ən perspektivli format ikitərəfli birbaşa formatdır. Və o vaxtdan bəri bir sıra mühüm nailiyyətlər, o cümlədən etimad əldə olunub", - o deyib.

Əmirbəyov hesab edir ki, danışıqlar masası üzərində olan sülh sazişinin mətninə baxılarsa, tərəflər onun başa çatmasına çox yaxındırlar.

"Azərbaycan bütün beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmaq, eləcə də bu münaqişənin əsasında duran bu problemi, yəni Ermənistanın Azərbaycana ərazi iddiaları məsələsini birdəfəlik həll etmək üçün əlindən gələni etmək niyyətindədir. Buna görə də biz ümid edirik ki, qalan çətinliklər qısa müddət ərzində layiqincə həll olunacaq və biz təhlükəsiz və davamlı sülhə nail ola biləcəyik", - o əlavə edib.

Sülh müqaviləsinin imzalanması üçün mümkün müddətlərdən danışan Əmirbəyov qeyd edib ki, hər hansı bir vaxtdan danışmaq məqsədə uyğun deyil.

“Bu, daha çox Ermənistan tərəfinin sülh sazişini başa çatdırmaq üçün qalan yeganə maneəni, yəni Azərbaycana qarşı konstitusiya ilə təsbit olunmuş ərazi iddialarını aradan qaldırmaq qabiliyyətindən və istəyindən asılı olacaq. Artıq qeyd edildiyi kimi, sülh sazişinin mətninin böyük hissəsi razılaşdırılıb. Qalan məsələlərin hamısı həyata keçirilə bilər, lakin biz bu münaqişənin ekzistensial səbəbinə, Ermənistan konstitusiyasındakı ərazi iddialarına göz yumaraq, irəli gedib sülh sazişi imzalaya bilmərik. Ona görə də bu məsələ nə qədər tez həll edilərsə, bir o qədər yekun həllə nail olacağıq”, - o əlavə edib.

(Tərcümə: Gülnarə Kərimova

Xəbər lenti

Xəbər lenti