...

Azərbaycandakı parlament seçkiləri şəffaf olub - ŞƏT missiyası

Siyasət Materials 2 Sentyabr 2024 13:44 (UTC +04:00)
Azərbaycandakı parlament seçkiləri şəffaf olub - ŞƏT missiyası
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) missiyası Azərbaycandakı parlament seçkilərini şəffaf olaraq tanıyır.

Trend xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi missiyasının rəhbəri, ŞƏT-nın Baş katibinin müavini Nuran Niyazaliyev mətbuat konfransında bildirib.

"Azərbaycanda keçirilən parlament seçkiləri Azərbaycan Respublikasının Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə uyğun olub, həmçinin, ölkənin qəbul etdiyi beynəlxalq öhdəliklərə cavab verir", - o qeyd edib.

Onun sözlərinə görə, missiya ölkə vətəndaşlarının sərbəst iradə ifadəsini əngəlləyən hər hansı pozuntular aşkar etməyib.

"Yerli seçki komissiyalarının üzvlərinə qarşı xarici müdaxilə və təzyiqlər də aşkar edilməyib. Missiya keçən seçkiləri şəffaf, etibarlı və demokratik hesab edir. Missiya qeyd edir ki, keçirilmiş parlament seçkiləri Azərbaycanda demokratik proseslərin daha da inkişafı üçün mühüm bir addım oldu", - deyə o əlavə edib.

Niyazəliyev, həmçinin, Azərbaycan Milli Məclisinin yeni, 7-ci çağırışının seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti