...

Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi - Kamaləddin Qafarov

Siyasət Materials 27 Sentyabr 2024 11:10 (UTC +04:00)
Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi - Kamaləddin Qafarov

Bakı. Trend:

Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakarlıq, ikili standartlar siyasəti olmuşdur. Münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə 1992-ci il martın 24-də təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti dövründə məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. BMT isə, işğalçı Ermənistana təzyiq göstərməkdə açıq-aşkar acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmiş, nəticədə Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il ərzində icra olunmamışdı.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. “Buna görə də Prezident İlham Əliyev 2003-2020-ci illər ərzində hər zaman deyirdi ki, məsələ sülh yolu ilə həll olunmasa, biz müharibə yolu ilə buna nail olacağıq. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti silahlı təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.”

K.Qafarov qeyd edib ki, Azərbaycanın 2020-2023-cü illər ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməmiş, əksinə ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırmışdı. Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin Anım Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən müharibənin başlandığı gün- sentyabrın 27-də keçirilir. Nəhayət, bütün bu cinayətlərə son qoymaq və ölkənin suverenliyini tam bərpa etmək məqsədilə Azərbaycan keçən il lokal xarakterli antiterror tədbirlərini keçirməli oldu.Azərbaycanın 2023-cü ilin 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi antiterror tədbirləri zərurətdən doğan bir addım idi və Ermənistan ölkəmizə qarşı terror siyasətindən əl çəkməyəcəyi təqdirdə belə bir aqibətlə qarşılaşacağı barədə dəfələrlə xəbərdarlıq almışdı. Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qoyulurdu. Qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmır.”

Xəbər lenti

Xəbər lenti