Bakı. Trend:
“İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun ilk günü başa çatıb.
Trend xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub.
Tədbirdə 30-a yaxın ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlər iştirak ediblər.
Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaqdan ibarətdir.
Tədbirdə Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil olunub.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli torpaqlarımızın 20 faizi 30 ilə yaxın işğala məruz qaldığı dövrdə həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə ciddi ziyan vurulub, Azərbaycana qarşı beynəlxalq cinayət hesab olunan ekosid cinayəti törədilib.
O qeyd edib ki, işğal illərində Qarabağ bölgəsində müxtəlif nadir bitki və heyvan növləri məhv olub, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarıb.
“Transsərhəd çay olan Oxçuçayın uzun illərdir ki, Ermənistan ərazisində zərərli maddələrlə kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərib və bu, hazırda əhalinin həyat və sağlamlığı üçün son dərəcə ciddi təhlükə doğurmaqdadır.
Eyni zamanda, diqqətə çatdırmaq istərdim ki, Azərbaycan və Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün potensial təhlükə mənbəyinə çevrilmiş Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası texniki və mənəvi cəhətdən köhnələrək istismara yararsız vəziyyətə düşməsinə baxmayaraq, hələ də fəaliyyət göstərərək ətraf mühiti ciddi şəkildə çirkləndirməkdə davam edir.
Azərbaycan Ombudsmanı olaraq dəfələrlə müvafiq beynəlxalq təşkilatlara müraciət edərək Çernobıl və Fukuşimaya bənzər növbəti atom faciəsinin qarşısının alınması məqsədilə Metsamor Atom Elekrik Stansiyasının işinin təhlükəsiz şəkildə dayandırılmasını və tamamilə bağlanmasını, habelə radioaktiv tullantıların beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görülməsini tələb etməklə dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etdik”, - deyə S.Əliyeva əlavə edib.
O qeyd edib ki, ətraf mühitə mənfi təsir göstərməklə gələcəkdə bəşəriyyət üçün daha təhlükəli ekoloji problemlərin yaranmasına gətirib çıxara bilən iqlim dəyişikliklərinin fəsadları yalnız bir ölkə və ya regionun ərazisi ilə məhdudlaşmır.
S.Əliyevanın sözlərinə görə, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirdiyi kompleks tədbirlər və ölkəmizin beynəlxalq arenada durmadan artan nüfuzunun nəticəsidir ki, qlobal əhəmiyyətli mötəbər bir tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 dünya ölkələrinin yekdil qərarı ilə bir ay sonra Azərbaycanda keçiriləcək.
“Hazırda qlobal müstəvidə Azərbaycana bəslənilən böyük hörmət və etimadın göstəricisi olan bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bütövlükdə bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə zəruri addımlar atılır və COP29 Təşkilat Komitəsinin üzvü olaraq biz də bütün imkanlarımızla bu prosesə öz töhfəmizi verməyə çalışırıq.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də öz əksini tapmış təmiz su və sanitariya, iqlim dəyişikliklərinə qarşı mübarizə, dəniz və torpaq ekosistemlərinin mühafizəsi kimi ətraf mühitlə bağlı problemlərin həlli istiqamətində yerli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsi, insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan ekoloji hüquqların səmərəli təşviqi, müdafiəsi və təmini mexanizminin daha da təkmilləşdirilməsi prioritet bir vəzifə kimi qarşıda durur.
Təbii ki, ətraf mühitə mənfi təsir göstərməklə gələcəkdə bəşəriyyət üçün daha təhlükəli ekoloji problemlərin yaranmasına gətirib çıxara bilən iqlim dəyişikliklərinin fəsadları yalnız bir ölkə və ya regionun ərazisi ilə məhdudlaşmır”,- deyə o bildirib.
Ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev bildirib ki, iqlim dəyişikliyi yalnız ekoloji məsələ deyil, həm də ədalət və bərabərliyə yönələn çağırışdır.
O qeyd edib ki, iqlim dəyişikliyinə qarşı tədbirlər görülməsə su qıtlığı, hava şəraitinin dəyişməsi uzunmüddətli fəsadlar törədə bilər.
“Əgər tempratur daha da artarsa, bu sağlamlıq, qida təchizatı üçün ciddi risklər yaradacaq. Bu həddin keçməsi quraqlıqlarım artmasıma və biomüxtəlifliyə ziyam vuracaq.
Azərbaycanda da iqlim dəyişikliyi kənd təsərrüfatına ciddi ziyam vurur. İsti və quru küləklərin sayı 14 dəfə artıb. Dolu hadisələrin sayı isə 3 dəfədən çox artıb. Azərbaycanda su ehtiyyatları 15 faiz azalıb. Son illərdə Xəzər dənizinin səviyyəsi də ciddi şəkildə azalır”,- deyə M.Babayev bildirib.
Forum öz işini sabah davam etdirəcək.