Moskva. Trend:
Azərbaycan postsovet məkanında dialoqun qurulmasında konstruktiv rol oynayır.
Bu barədə Moskvada Trend-ə açıqlamasında tanınmış rusiyalı politoloq, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib.
“Mən Azərbaycanın postsovet məkanındakı dövlətlər arasında dialoq və inkişaf strategiyasının qurulmasında oynadığı konstruktiv rolu böyük hörmətlə qarşılayıram. Mən həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü qəti və ardıcıl siyasətə, o cümlədən Ermənistan xalqı ilə münasibətlərə böyük optimizmlə baxıram. Prezident İlham Əliyevin dilindən Ermənistan xalqının ləyaqətini alçaldan heç bir ifadə eşitməmişəm. O, hər zaman bildirir ki, Azərbaycan sülh istəyir,” - deyə Şevçenko qeyd edib.
O, vurğulayıb ki, Rusiya Cənubi Qafqazın Qərbin, onun müttəfiqlərinin, Qərb agentlərinin oyunlarının aləti olmasını istəmir.
“Biz istəyirik ki, Cənubi Qafqazın dövlətləri və xalqları bir-biri ilə razılaşsın, ortaq dil tapsın, mehriban münasibətlər qursunlar ki, Cənubi Qafqaz Qərb siyasətçilərinin müharibə və nifrət alovunu alovlandırdığı yer olmasın”, - o əlavə edib.