Bakı. Trend:
2024-cü il noyabrın 8-də “Global Witness” adlı beynəlxalq QHT apardığı “araşdırma” ilə bağlı iki xəbər yaymışdır. “COP rəsmiləri gizli araşdırma zamanı saxta sərmayəçi üçün qalıq yanacaqla bağlı danışıqları asanlaşdırır” və “COP29 neft sövdələşmələri üçün” başlıqlı yazılarda COP29-un baş icraçı direktoru Elnur Soltanovla videokonfrans formatında keçirilmiş görüşə istinad olunaraq beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşılmışdır.
Trend xəbər verir ki, xarici
müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın aidiyyəti
qurumlarla birgə araşdırması nəticəsində məlum olmuşdur ki,
doğrudan da cari il sentyabrın 13-də Elnur Soltanovla özünü
Honkonqda yerləşən şirkətin nümayəndəsi kimi təqdim edən Steven Li
adlı şəxs arasında “Zoom” platforması vasitəsilə danışıq baş
tutmuşdur. Eyni zamanda, həmin görüşün video qeydinin aparılması
ilə bağlı qarşı tərəf E.Soltanova xəbərdarlıq etməmişdir.
Müəyyən olunmuşdur ki, “Global Witness” qeyri-hökumət təşkilatları
tərəfindən dünyada qəbul olunmuş ümumi fəaliyyət prinsipləri ilə
bir araya sığmayan, daha çox xüsusi xidmət orqanlarının işini
xatırladan metoddan istifadə edərək, hüquqi nəticələr yaradan
hərəkətlərə yol vermişdir.
Belə ki, “Global Witness” COP29-u hədəf alaraq, qanunla qadağan
olunan kiberaldatma və təqlidetmə texnologiyalarından istifadə
edərək “EC Capital Holdings” adlı saxta şirkət, onun veb-səhifəsini
(www.eccapitalholdings.com) və Steven Linin “Linkedin”
platformasında saxta profilini yaradaraq, COP29 komandası ilə
əlaqəyə girmiş və bir sıra rəsmilərin etibarından sui-istifadə
edərək COP29 ərəfəsində Azərbaycana qarşı əlaqələndirilmiş formada
aparılan informasiya əməliyyatı və dezinformasiya kampaniyasının
iştirakçısı olmuşdur.
Qeyd olunmalıdır ki, bu əməliyyatda “Global Witness”-ə informasiya
dəstəyi “BBC” tərəfindən verilmişdir. “BBC”-nin “COP29-un baş
icraçı direktoru qalıq yanacaq sövdələşmələrini təbliğ edərkən
lentə alınıb” başlıqlı məqaləsində “Global Witness” tərəfindən
çəkilişin gizli aparıldığı etiraf edilir, eyni zamanda, qərərsiz
jurnalistika prinsiplərinə zidd olaraq, görüşün bir hissəsi
paylaşılır və bununla da informasiya manipulyasiyasına yol
verilir.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya “Global
Witness” və “BBC” tərəfindən aparılan bu fəaliyyətləri hibrid hücum
kimi dəyərləndirir və məsələnin daha dərindən araşdırılması üçün
bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcəkdir.