...

Zəngin mənəviyyata sahib görkəmli alim və böyük ziyalı

Siyasət Materials 15 Aprel 2025 11:21 (UTC +04:00)
Zəngin mənəviyyata sahib görkəmli alim və böyük ziyalı

Bakı. Trend:

Adı respublikamızın elm tarixinə qızıl hərflərlə həkk olunan dəyərli alimlərimizin sırasında Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın xüsusi yeri var. Azərbaycan ictimaiyyəti Zərifə Əliyevanı görkəmli şəxsiyyət, böyük elm adamı, insanlara şəfa verən həkim və böyük ziyalı kimi daim ehtiramla xatırlayır. Anım günündə bir daha Zərifə Əliyevanı yad edir, xatirəsi önündə baş əyirik.

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirən və ömrünü həkimlik peşəsinə və tibbi elminə həsr edən Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin qazandığı nailiyyətlərdə əvəzolunmaz xidmətləri var. Məhz onun oftalmologiya sahəsində apardığı tədqiqatlar və ortaya qoyduğu fundamental nəticələr ölkəmizdə tibb elminin parlaq uğurları sırasında yer alır. Xüsusilə qeyd edilməlidir ki, XX əsrin 40-cı illərinin sonunda respublikamızda geniş yayılmış, gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin qarşısının alınması məhz Zərifə Əliyevanın adı ilə bağlıdır.

Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn alimin təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilmiş və ölkəmiz bu xəstəlikdən xilas olmuşdur.

Bununla yanaşı, Zərifə Əliyeva göz xəstəlikləri ilə bağlı elmi araşdırmalarında digər məsələlərə də diqqət yetirmişdir. Belə ki, görmə orqanının iltihabının müalicəsi, görmə orqanının patologiyası kimi problemlərin araşdırılması da Zərifə Əliyevanın tədqiqatlarında mühüm yer tutur. Ötən əsrin 60-70-ci illərində Azərbaycanın sənaye müəssisələrinin fəaliyyətində göz sağlamlığına təsir edən məsələlər də məhz Zərifə Əliyeva tərəfindən geniş şəkildə tədqiq olunmuşdur. Zərifə Əliyeva öz elmi araşdırmalarını həm də birbaşa sənaye müəssisələrində həyata keçirmiş və bu zaman zərərli peşə sahələrində işləyən neçə-neçə insanı müayinə etmişdir.

Zərifə Əliyevanın oftalmologiya sahəsində araşdırmaları yalnız Azərbaycanda deyil, bütün keçmiş sovetlər məkanında tibbin bu sahəsinin inkişafına böyük təkan vermişdir. Dəyərli alimin çoxillik müşahidələrinin, klinik tədqiqatlarının və eksperimentlərinin nəticəsi olaraq Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası bütün alimlərin yüksək qiymətini almışdı. Bu, oftalmologiyanın qeyd olunan sahəsində ilk işlərdən biri olmuş və 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə Əliyeva atası Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. Azərbaycan tibb elmi qarşısındakı nailiyyətlərinə və çoxillik elmi-tədqiqat işlərinə görə tibb elmləri doktoru, professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M. İ .Averbax adına mükafatına da layiq görülmüşdür. Xüsusilə qeyd edilməlidir ki, Zərifə Əliyeva bu mükafata layiq görülən ilk azərbaycanlı qadındır.

Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva 150-yə yaxın elmi əsər, 12 monoqrafiya yazmış, dərs vəsaitlə­ri­nin, səmərələşdirici təkliflərin müəllifi olmuşdur. Böyük alimin “Terapevtik oftalmologiya” adlı kitabı hər zaman oftalmoloqlar üçün stolüstü kitab olaraq qalır.

Prezident İlham Əliyevin «Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında» sərəncamında deyilir:

«Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır».

Zərifə Əliyevanın alim kimi oftalmolagiyanın inkişafına verdiyi töhfələr misilsiz olduğu qədər, həkim kimi də fəaliyyəti nümunəviliyi ilə rəğbət qazanmışdır. Onun həkimlik fəaliyyətində xalqımıza, Azərbaycan qadınına məxsus ən gözəl mənəvi keyfiyyətlər özünü büruzə vermişdir. Zərifə Əliyeva ilə bağlı xatirələrlə tanış olduqca görürük ki, o, göz xəstəliyindən əziyyət çəkənlərə yalnız həkim kimi münasibət göstərməmişdir. Zərifə Əliyeva həm də onların dərdinə şərik olmuş, ümidsizliyə qapılmağa qoymamış, pasiyentlərə bu cür yanaşmağı özünün peşə borcu və mənəvi vəzifəsi hesab etmişdir.

Eyni zamanda, xatirələrlə və məqalələrlə tanış olduqca görürük ki, Zərifə Əliyeva özünün həkimlik təcrübəsindən çıxış edərək gənc həkimlərin formalaşmasına da böyük zəhmət sərf etmişdir. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfələr verən bir mənbədir.

Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. O, tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Həkim və alim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Həm də ictimai fəaliyyətlə məşğul olmuş Zərifə Əliyeva keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərif Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.

Görkəmli alim, dəyərli ziyalı, akademik Zərifə Əliyeva həm də bir azərbaycanlı xanımı kimi xalqımıza məxsus ən yüksək və nəcib mənəvi dəyərlərin daşıyıcısı idi. Azərbaycanı qalib dövlətə çevirən, torpaqlarımızın işğaldan azad edilməsinin müəllifi olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin malik olduğu yüksək mənəvi keyfiyyətlər də Heydər Əliyev və Zərifə Əliyeva kimi görkəmli və dahi şəxsiyyətlərin dünyasından ilham alır.

Zərifə Əliyeva şərəfli bir ömür sürmüşdür. Onun ömür yolu örnək dolu bir həyat dərsidir. Anım günündə bir daha Zərifə Əliyevanı hörmətlə anır, əziz xatirsini ehtiramla yad edirik.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti