...

Azərbaycan Mərkəzi Asiya formatında müşahidəçidən qərarverici aktora çevrilir - Azər Qarayev

Siyasət Materials 17 Noyabr 2025 13:38 (UTC +04:00)
Azərbaycan Mərkəzi Asiya formatında müşahidəçidən qərarverici aktora çevrilir - Azər Qarayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidentinin Daşkənddə keçirilən 7-ci Mərkəzi Asiya Məşvərət Görüşündə iştirakı yalnız diplomatik səfər deyil, regionlararası inteqrasiyanın yeni mərhələsinə keçid kimi qiymətləndirilə bilər.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

O qeyd edib ki, bu görüş Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində strateji strukturlaşmanı dərinləşdirən dönüş nöqtəsidir.

Politoloq qeyd edib ki, bu addım üç mühüm mənaya malikdir.

"Azərbaycan artıq regionda müşahidəçi deyil qərarların formalaşdırılmasında iştirak edən aktordur. Xəzər hövzəsi vahid regional geosiyasi məkana çevrilir. Orta Dəhliz və enerji layihələri üzrə koordinasiya daha institusionallaşır. Bu qərar həm də göstərir ki, Mərkəzi Asiya dövlətləri Azərbaycanı regional sabitliyin və iqtisadi inteqrasiyanın təbii tərəfdaşı hesab edir. Görüşdə İlham Əliyevin vurğuladığı tranzit-logistika məsələləri təsadüfi deyil. Bu gün Orta Dəhliz yalnız alternativ nəqliyyat xətti deyil, Avrasiya ticarətinin yenidən formalaşması üçün həlledici arteriyadır."

A. Qarayev bildirib ki, Azərbaycan burada üç əsas funksiyanı icra edir.

"Xəzər dənizi üzərindən ən stabil logistika körpüsü, rəqəmsal gömrük keçidlərinin tətbiqi ilə sürətli tranzit qovşağı, Bakı–Tbilisi–Qars və Bakı Limanı kimi layihələrlə Avropaya çıxışın əsas yolunu göstərmək olar. Mərkəzi Asiya ölkələrinin Azərbaycanla koordinasiyasını artırması bu dəhlizin vahid idarəçilik prinsiplərinə keçidi sürətləndirə bilər. Azərbaycan uzun illərdir Mərkəzi Asiya ölkələri üçün enerji ixracı, elektrik və qaz bağlantıları baxımından təbii tərəfdaş rolunda çıxış edir. Daşkənddə müzakirə olunan təkcə iqtisadi deyil, geosiyasi güc xəritəsinin yenilənməsi deməkdir. Bu layihələr uğurla icra edilsə, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında enerji təhlükəsizliyi arxitekturasının əsas elementlərindən birinə çevriləcək."

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında vurğuladığı mədəni və dini yaxınlıq amili Mərkəzi Asiya ilə Azərbaycan münasibətlərinin əsas sütunlarından biridir.

"Bu bağlar siyasi qərarların yumşaq şəkildə qəbuluna imkan yaradır və uzunmüddətli əməkdaşlıq üçün emosional kapital formalaşdırır.Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşü Azərbaycan üçün təkcə diplomatik hadisə deyil — regionlararası inteqrasiyanın yeni mərhələsinin başlanğıcıdır. Azərbaycanın bu platformaya tam qoşulması Mərkəzi Asiyanın siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına yeni dinamika gətirir.​"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti