Bakı. Trend:
İranın hazırkı hökumətinin (hazırkı hökumət avqust 2024-dən iqtidardadır-red.) və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ciddi şəkildə diqqət mərkəzində saxladığı prioritetlərdən biri sərhəd vilayətlərinin qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrinin inkişaf etdirilməsidir.
Bunu Trend-ə müsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə deyib.
Onun sözlərinə görə, İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Azərbaycanla 370 km uzunluğunda sərhədi olduğunu nəzərə alaraq sərhədyanı diplomatiyadan maksimum şəkildə faydalanmaq mümkündür.
“Ərdəbil vilayəti Azərbaycanla iqtisadi və ticarət əlaqələrini inkişaf etdirməklə Azərbaycan vasitəsilə Cənubi Qafqaz ölkələri, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr və Şərqi Avropa ölkələri ilə iqtisadi əlaqələr qura bilər. Ötən 1 il ərzində Ərdəbil vilayəti bu çərçivədə müxtəlif ölkələrdən investorlarla əlaqələr quraraq iqtisadi inkişafı diqqət mərkəzində saxlayıb. Azərbaycana səfər çərçivəsində müzakirələrdə son vaxtlar istifadəyə verilmiş Ərdəbil Azad Ticarət və Sənaye Zonasının fəaliyyətinə xüsusi yer ayrılıb. Bu zona iki ölkə arasında birgə ticarət və sənaye zonasının yaradılmasına imkan yarada bilər. Bununla əlaqədar iki ölkə arasında müzakirələr aparılır”, - deyə o qeyd edib.
