...

DAB-IN HƏMSƏDRLƏRİ SEÇKİ DAİRƏLƏRİNİ MÜƏYYƏN EDİBLƏR

Siyasət Materials 20 İyun 2005 15:02 (UTC +04:00)

Demokratik Azərbaycan Blokunda (DAB) təmsil olunan partiyaların sədrləri parlament seçkisində namizədliyini irəli sürəcəyi dairələri müəyyən ediblər. Trend xəbər verir ki, bu barədə iyunun 20-də keçirilən mətbuat konfransında DAB-ın həmsədrləri məlumat veriblər. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azadlıq Partiyasının sədri Əhməd Oruc və Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov DAB-ın Sədrlər Şurasında müzakirə olunan məsələlər barədə məlumat veriblər. Bildirilib ki, DAB-da təmsil olunan dörd partiya sədri parlament seçkisində iştirak edəcək. Məlum olub ki, Sabir Rüstəmxanlı Yardımlı rayonundan, İlyas İsmayılov Bakının Binəqədi rayonundan, Hacıbaba Əzimov Lənkəran rayonundan, Əhməd Oruc isə Qax rayonundan namizədliklərini irəli sürəcəklər. Ümumilikdə BAD-ın 60-dan çox namizədi müəyyən olunub. Tam siyahı isə iyulun 6-a qədər hazırlanacaq. DAB həmçinin heç bir blokda və partiyada təmsil olunmayan layiqli şəxslərin də namizədliyini dəstəkləyəcək.

DAB həmsədrləri müxalifət partiyalarının kütləvi aksiyalar keçirməsinə münasibət açıqlayarkən bu mitinqlərin keçirilməsini təqdir etdiklərini, müsbət yanaşdıqlarını bildiriblər. Lakin DAB sədrləri hesab edirlər ki, siyasi qüvvələr kütləvi aksiyaları yarışa çevirməməlidirlər. DAB-ın da seçki kampaniyası ərəfəsində kütləvi tədbirlər keçirəcəyi bildirilib.

DAB-ın seçki mühitinin demokratikləşdirilməsi üçün müxalifət blokları ilə iqtidar partiyası arasında razılaşma komissiyası yaradılması təklifi barədə də məlumat verilib. DAB-ın Yeni Azərbaycan Partiyasına, "Azadlıq" və "YeS" seçki bloklarına ünvanladığı bu müraciətinə hələki heç bir cavab verilməyib.

Xəbər lenti

Xəbər lenti