...

RƏŞİD HACILI: "İNFORMASİYA ƏLDƏ ETMƏK HAQQINDA" QANUNUN QƏBULUNUN GECİKDİRİLMƏSİ NARAHATLIĞI ARTIRACAQ

Siyasət Materials 8 İyul 2005 19:53 (UTC +04:00)

"Article XIX" təşkilatının Azərbaycanın dövlət strukturlarına müraciətindəki narahatlığı başadüşüləndir. Həşqiqətən də "İnformasiya əldə etmək haqqında" qanunun tez qəbul olunması məqsədəuyğundur". Bu fikirləri Trend ə Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirib.

Qeyd edək ki, "Article XIX" təşkilatının direktoru Aqness Kalamard Milli Məclisin sədri Murtuz Ələsgərova, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə, insan haqları üzrə müvəkkil Elmira Süleymanovaya, parlamentin işçi qrupunun rəhbəri, millət vəkili Rizvan Cəbiyevə məktubla müraciət edərək "İnformasiya əldə etmək haqqında" qanunun qəbulunun gecikdirilməsindən narahatlığını bildirib.

Rəşid Hacılı qeyd edib ki, bu qanun nə qədər tez qəbul olunsa, o qədər yaxşıdır. Onun fikrincə, bu il noyabrda keçiriləcək parlament seçkisindən əvvəl Milli Məclis tərəfindən həmin qanun qəbul edilərək açıq hökumət qurulması prosesi tezləşdirilməlidir.

R.Hacılı bildirib ki, qanunun sentyabr ayında qəbul edilməsi gözlənilir: "Lakin "İnformasiya əldə etmək haqqında" qanunun qəbulu hətta sentyabrda da baş tutmaya, daha da gecikdirilə bilər. Bu isə narahatlığı daha da artıracaq"-deyə R.Hacılı vurğulayıb.

O, qeyd edib ki, "İnformasiya azadlığı haqqında" qanun layihəsi ötən il parlamentdə birinci oxunuşdan keçdikdən sonra Media Hüququ İnstitutu "Gün işığı" adlı alternativ qanun layihəsi hazırladı.

Sonra Avropa Şurası tərəfindən həm Milli Məclis, həm də Media Hüququ İnstitutu tərəfindən hazırlanan hər iki layihənin ekspertizası aparılıb. Avropa Şurası ekspertləri Azərbaycan hökumətinə Media Hüququ İnstitutunun alternativ layihəsi əsasında qanun hazırlayıb qəbul etməyi tövsiyə etmişdi.

R.Hacılı bildirib ki, Milli Məclisin işçi qrupunun rəhbəri Rizvan Cəbiyev alternativ layihədəki bir çox müsbət məqamları nəzərə alaraq, xeyli əlavə və dəyişikliklər olunmaqla yeni adda qanun layihəsi hazırlayıb. R.Hacılının sözlərinə görə, həmin "İnformasiya əldə etmək haqqında" qanunun parlamentin ötən sessiyasında qəbul ediləcəyinə söz vermişdilər.

"Lakin bu mühüm qanunun bu il parlamentin yaz sessiyasında qəbul edilməməsi hökumətin fəaliyyəti ilə maraqlanan hər bir şəxs üçün narahatlıq yaratdı. Bütün dövlət orqanlarından informasiya əldə etmək üçün əsas yaradan bir qanunun olmasını həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq qurumlar istəyirlər, Milli Məclis tərəfindən bu, nəzərə alınmalıdır"-deyə Media Hüququ İnstitutunun rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti