...

SƏLİM MÜSLÜMOV: SON 2 İL ƏRZİNDƏ ÖLKƏDƏ ƏMƏK MİQRASİYASININ GÖSTƏRİCİSİ KƏSKİN SURƏTDƏ AZALIB

Siyasət Materials 7 Sentyabr 2005 18:16 (UTC +04:00)
SƏLİM MÜSLÜMOV: SON 2 İL ƏRZİNDƏ ÖLKƏDƏ ƏMƏK MİQRASİYASININ GÖSTƏRİCİSİ KƏSKİN SURƏTDƏ AZALIB

" 1995-1999-cu illərdə ölkəni tərk edənlərin sayı 64,5 min nəfər, ölkəyə gələnlərin sayı isə 29,7 min nəfər təşkil edirdi ki, bu da mənfi saldo - 34,8 min nəfərə gətirib çıxardı". Trend bildirir ki, sentyabrın 7-də AR Dövlət sosial müdafiə fondunun (DSMF) rəhbəri Səlim Müslümov bu barədə bəyan edib.

" 2000-2004-cü illərdə sürətli iqtisadi inkişaf müşahidə ediləndə ölkəni tərk edənlərin sayı 28,1 min nəfər, ölkəyə gələnlərin sayı isə 12,7 min nəfər təşkil edirdi.Mənfi saldo 15,4 nəfərə enmişdi. Emiqrasiyanın azalması dinamikası göstərir ki, 1995-ci ildə ölkəni 16,0 min nəfər tərk edibsə, 2004-cü ildə bu göstərici 2,8 min nəfərədək azalıb.

Ölkədə bu dinamikaya adekvat olaraq iqtisadi göstəricilər sistemi formalaşıb: əgər 2000-ci ildə əhalinin pul gəlirləri 17,5 trln. manat təşkil edirdisə, 2004-cü ildə bu göstərici 27,1 trln. manata çatmış, işçilərin orta aylıq əmək haqqı həmin dövrdə 46 ABŞ dollarından 99,3 ABŞ dollarına qədər qalxmış, bütün maliyyə mənbələri hesabına investisiyaların həcmi 1,47 mlrd. dollardan 4,6 mlrd. dollara yüksəlmiş, qeyri-dövlət sektorunun ÜDM-də xüsusi çəkisi 70%-dən 77%-ə qalxmış, xarici ticarət dövriyyəsinin saldosu mənfi 199 mln. dollardan müsbət 916 mln. dollara qədər dəyişmiş və bu dövrdə inflyasiyanın səviyyəsi 5%-dən aşağı olmuşdur"-deyə S.Müslümov bildirib.

Onun sözlərinə görə, İqtisadi və siyasi sabitliyin mövcudluğu şəraitində belə bir inkişaf tempi ölkədə yaşam şəraitini yaxşılaşdırmış və insanların öz vətənlərində işlə təmin olunaraq normal gəlir əldə etməsinə gətirib çıxarmışdır.

" Ölkədə Prezident İlham Əliyevin seçki öncəsi platformasında qeyd olunan 5 il ərzində 600 min iş yerinin yaradılması layihəsinin uğurla reallaşdırılması isə son 2 ildə emiqrasiyanın həcminin kəskin azalmasına gətirib çıxarmışdır.

Hazırda Azərbaycan iqtisadiyyatı özünün ən sürətli inkişaf dövrünə qədəm qoymuşdur: cari ilin ilk 7 ayı ərzində ÜDM-nin artımı 17,8% olmuşdur və ilin sonuna bu göstəricinin 27-28%-ə çatacağı proqnozlaşdırılır.

"Bakı-Tbilisi-Ceyhan" (BTC) neft boru kəmərinin bu ilin sonlarınadək istifadəyə verilməsi növbəti ildə ÜDM-nin artımının 30%-ə qədər yüksəlməsinə imkan verəcəkdir.

Bütün bunlar Azərbaycan üçün işçi qüvvəsinin emiqrasiyası problemini tam yumşaltmağa gətirib çıxarsa da, əvvəlki illərdə, əsasən də 1990-cı illərin əvvəllərindən MDB-nin regional əmək bazarlarına, xüsusilə də Rusiyaya emiqrasiya etmiş insanların sayı yuxarı olaraq qalır" -deyə DSMF-nin rəhbəri qeyd edib.

S.Müslümov bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 1995-2004-cü illərdə Azərbaycandan gedən 92636 nəfərin 85120-si və ya 92%-i MDB və Baltikyanı ölkələrə, bundan isə 71856 nəfəri və ya 84,4%-i Rusiyaya gedənlərdir.

Bəlkə də bu rəqəmlərlə Rusiya Federasiyası Statistika Xidmətinin rəqəmləri arasında fərqlər ola bilər, lakin bu fərqlər emiqrantların leqallaşma dərəcəsinə bağlıdır.

Başqa sözlə, MDB-nin regional əmək bazarında və Rusiyanın əmək bazarındakı əmək miqrantlarının sosial mudafiəsinin təşkili zamanı onların 2 hissədən ibarət olduğu diqqətdən qaçırılmamalıdır: leqallaşmış əmək miqrantları və qeyri-leqal əmək miqrantları.

Əgər nəzərə alsaq ki, işəgötürənlərin özləri də leqal işçi qüvvəsi və leqal əmək haqqı məfhumlarına o qədər də müsbət yanaşmırlar, bu halda qeyri-leqal əmək miqrantlarının sayının xeyli çox olduğu aşkara çıxar.

Belə bir şəraitdə müvəqqəti əmək miqrantlarının sosial müdafiəsini, xüsusilə də onların gələcək pensiya təminatının nə qədər çətin problem olduğu bir daha təsdiqlənir. Problemin həlli üçün, fikrimizcə, ilk öncə nəzərə almaq lazımdır ki:

- birincisi, əmək miqrantlarının sosial müdafiəsi üzrə BMT-nin, BƏT-nin və digər qurumların ümumbəşəri konvensiya və xartiyalarına qoşulmaqla bərabər ayrı-ayrı ölkələr tərəfindən həmin konvensiya və xartiyaların əsas müddəalarının milli qanunvericilikdə əks etdirilməsi vacibdir;

- ikincisi, əmək miqrantlarının başlıca hissəsinin regional əmək bazarlarında formalaşdığını nəzərə alaraq həmin bazarların iştirakçıları olan dövlətlərin sosial müdafiə sistemlərinin uyğunlaşdırılması tələb olunur;

- üçüncüsü isə, bu dövlətlərin sosial müdafiə orqanlarının qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi üzrə birgə əməkdaşlığı son dərəcə mühümdür.

O, həmçinin vurğulayıb ki, bugünkü gündə əmək miqrantlarının pensiya təminatı kimi kəskin problem qarşıda dayanır. S.Müslümov qeyd edib ki, bu məsələnin yaxın günlərdə, xüsusilə Rusiya ilə həll edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti