...

AZƏRBAYCAN VƏ FİNLANDİYA İKİ SAZİŞ İMZALAYIB

Siyasət Materials 29 Sentyabr 2005 16:14 (UTC +04:00)

Sentyabrın 29-da Azərbaycan prezidenti İlham Əliyev və Finlandiyanın prezidenti Tarya Halonenin iştirakı ilə ölkələr arasında iki hökumətlərarası saziş imzalanıb. Trend bildirir ki, vergilər nazirləri "İkiqat vergidən yayınma haqqında" saziş, XİN başçıları isə qarşılıqlı anlayışa dair Memorandum imzalayıb.

Birgə keçirilən mətbuat konfransında İlham Əliyev bildirib ki, iki ölkə arasında geniş əhatəli məsələlər, xüsusilə regional məsələlər, Cənubi Qafqazda münaqişələr və bunların nizama salınması yolları müzakirə edilib.O, Azərbaycan ilə Finlandiya arasındakı siyasi münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident həm də iqtisadi əməkdaşlıqda böyük potensialın olduğunu qeyd edib ki, bu da sabah keçiriləcək Azərbaycan-Finlandiya biznes-forumunda nümayiş etdirilməlidir.

İlham Əliyevin sözlərinə görə, yaxın perspektivdə Azərbaycan infrastrukturun inkişafı üzrə, o cümlədən energetika, su təsərrüfatı, təhsil və səhiyyə sahələrində bir sıra layihələri gerçəkləşdirmək niyətindədir.Onun sözlərinə görə, yerli şirkətlərlə yanaşı bu prosesə yaxşı qanunverici baza və siyasi sabitliyi əsas hesab edən xarici sərmayəçilər də cəlb oluna bilər.

İlham Əliyev qeyd edib ki, Cənubi Qafqazdakı münaqişələrin həlli bu ölkələrin iqtisadi inkişafı və Avropaya inteqrasiyası üçün mühüm şərtdir.O, həm də Azərbaycanın Avropaya inteqrasiyası məsələsində Finlandiyanın dəstəyini yüksək qiymətləndirib və ümid etdiyini bildirib ki, Finlandiya prezidentinin Azərbaycana hazırkı səfəri ikitərəfli münasibətləri daha da fəallaşdıracaq.

Öz növbəsində, Tarya Halonen Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlığın əhəmiyyətini qeyd edib.Onun fikrincə, Dağlıq Qarabağ probleminin həlli üçün əsas münaqişənin sülh yolu ilə nizama salınmasıdır.

Finlandiya prezidenti iki ölkənin iqtisadi əməkdaşlığı üçün xüsusilə yüksək texnologiyalar və turizm sahəsində böyük potensial olduğunu qeyd edib.Onun sözlərinə görə, sabahkı biznes-forum iqtisadi əməkdaşlığın gələcək imkanlarının öyrənilməsi üçün yaxşı fürsət olacaq.

Xəbər lenti

Xəbər lenti