...

Azərbaycan İslam Partiyasının üç rayon təşkilatı rəhbərliyi ittiham edib

Siyasət Materials 7 Fevral 2006 11:20 (UTC +04:00)

"Azərbaycan İslam Partiyasının (AİP) Xaçmaz, Dəvəçi və Siyəzən rayon təşkilatları rəhbərlərinin ittihamları saf niyyətdən irəli gəlmir". Bu barədə Trend ə AİP sədrinin birinci müavini Hacı Rövşən Əhmədli bildirib.

Qeyd edək ki, AİP-in adıçəkilən rayon təşkilatlarının rəhbərləri - Azadxan Babayev, Ağacavad Ağayev və Azər Cəbiyev partiyanın Baş Məclisinin çağırılmamasından şikayətlənib. Onlar partiya daxilində bir sıra özbaşınalıqların baş verdiyini və sədr Hacı Hacıağa Nurinin Mərkəzi Nəzarət Təftiş Komissiyasında hesabatla çıxış etməsi tələbini irəli sürüb.

AİP sədri H.Nuri bu barədə məlumatsız olduğunu bildirib. Sədrin birinci müavini Rövşən Əhmədli isə qeyd edib ki, həmin şəxslərin partiya rəhbərliyi ilə məsləhətləşmədən belə çıxışları saf niyyətlərindən xəbər vermir: "Baş Məclis iki aydan bir çağırılmalıdır. Lakin ölkədə yaranmış vəziyyət və qərargahımızın əlimizdən alınması bu məsələni gecikdirib. Onların bəyanatında həqiqət də var, böhtan da. Ancaq bu bəyanatı rəhbərlikdən xəbərsiz vermələri qəbuledilən deyil".

R.Əhmədli bildirib ki, Baş Məclis tezliklə toplaşacaq və həmin təşkilat sədrlərinin qaldırdığı məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti