...

Viktor Xristenko: "Azərbaycan-Rusiya iqtisadi forumunda konkret iş başlayıb"

Siyasət Materials 22 Fevral 2006 14:06 (UTC +04:00)

Bu gün Bakıda "Gülüstan" sarayında Azərbaycan-Rusiya iqtisadi forumu öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, forumun açılışında Rusiyanın sənaye və energetika naziri Viktor Xristenko bildirib ki, bu forumun birinci tədbirdən fərqi ondan ibarətdir ki, birinci görüş zamanı prioritetlər müəyyən edilmişdi, indi isə konkret iş başlayıb. "Ölkələrimiz arasında mal dövriyyəsinin 1 milyard dollar həddinə çatmış göstəricisini isə artırmaq lazımdır", - deyə o qeyd edib.

V.Xristenko hesab edir ki, mal dövriyyəsinin artırılması üçün daha prioritet sahələr nəqliyyat və elektrik enerji sektorlarıdır. "Hazırda nəqliyyat sektoru daha prioritet sayılır, belə ki, "Şimal-Cənub" dəhlizi yükləri qəbul etməyə hazırdır və artıq sözdən işə keçmək lazımdır" - deyə nazir qeyd edib.

O, rabitə və bank sistemini də prioritet sahə adlandırıb. "Bununla əlaqədar aparıcı infrastruktur (nəqliyyat, rabitə və maliyə sektoru) sabit artımın əsasıdır", - deyə V.Xristenko bildirib.

Onun sözlərinə görə, sərmayə qoyuluşları istiqamətində əməkdaşlığı gücləndirmək lazımdır. "Bu gün ölkələrin iqtisadi inkişafı üçün optimal ünsiyyət forması üç amildən ibarət sistemdir: hökumətlərarası komissiya, yarmarka fəaliyyəti və biznes-forumlar. Bu, mal dövriyyəsinin artması ilə bağlı məsələnin həllinə imkan verən münasib modeldir", - deyə nazir vurğulayıb.

Rusiya Dövlət Dumasının vitse-spikeri Svetlana Orlova qeyd edib ki, rusiyalı parlamentarilər iki ölkənin qanunvericilik bazasının dərinləşdirilməsi və genişləndirilməsi, o cümlədən qanunvericiliklərin uyğunlaşdırılması üzrə iş aparmağa hazırdır.

Krokus İnterneyşnal şirkətinin prezidenti Araz Ağalarovun sözlərinə görə, ölkələr arasında qarşılıqlı münasibətlərin uğurlu inkişafı üçün sərgi sənayesini inkişaf etdirmək tələb olunur. "Moskvada Milli Azərbaycan sərgisinin keçirilməsi ilə bağlı Azərbaycan hökuməti ilə razılaşma əldə olunub. Biz bu istiqamətdə Nazirlər Kabineti ilə işləyəcəyik. Sərgi həm Rusiyada Azərbaycanın, həm də əksinə, sənaye imkanlarının və digər nailiyyətlərinin nümayişi ola bilər ki, bu da mal dövriyyəsinin artmasına imkan verəcək" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti