...

Rumıniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 27 Mart 2006 14:58 (UTC +04:00)

2006-cı ildə Rumıniya rəsmi nümayəndələrinin Azərbaycana səfəri gözlənilir. Bu barədə Trend ə eksklüziv olaraq bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolae Ureke məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü ildə Rumıniyaya səfərini xatırladan səfir bu il ərzində Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana səfərinin gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan parlamentinin spikeri Rumıniyaya səfərlə bağlı artıq dəvət alıb. Yaxın vaxtlarda Rumıniya XİN başçısının ölkəmizə səfəri planlaşdırılıb. "Səfərin gerçəkləşməsi üçün hər iki tərəf səy göstərib və daha münasib vaxtda səfər baş tutacaq",- deyə diplomat qeyd edib. Səfir hesab edir ki, bütün bunlar bu ölkələr arasında siyasi əlaqələrin sürətli inkişafını təsdiqləyir.

Səfir Rumıniya və Azərbaycan arasında mükəmməl münasibətlərin olduğunu qeyd edib. "Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir", - deyə diplomat vurğulayıb.

O bildirib ki, 2005-ci ildə Rumıniya və Azərbaycan arasında mal dövriyyəsinin həcmi 125 mln dollar təşkil edib ki, bunun da 90%-i Azərbaycandan Rumıniyaya neft ixracının payına düşür. Səfirin fikrincə, iqtisadi əlaqələr təkcə neft sahəsində inkişfa edə bilməz, iqtisadiyyatın digər sahələrində də əməkdaşlığı genişləndirmək lazımdır. N.Ureke hesab edir ki, ikitərəfli əlaqələrin inkişafına hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri arasında qarşılıqlı əlaqələr kömək edə bilər. Ötən ilin oktyabrında Rumıniyanın sahibkarlardan ibarət nümayəndə heyəti Azərbaycana səfər edib. Bu ilin may-iyun aylarında isə Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfəri gözlənilir.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəsinin mövqeyinə gəlincə, səfir bildirib ki, Rumıniya münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu və ölkənin ərazi bütövlüyünün saxlanılması şərti ilə nizama salınmasının tərəfdarıdır. Rumıniya tərəfinin mövqeyi belədir ki, bu kimi münaqişələr regional sabitliyi təhlükə altına alır. O, hətta Rumıniyanın təhlükəsizlik konsepsiyasına istinad da edib. Bu konsepsiyaya əsasən, Qara dəniz regionunda mövcud münaqişələr Rumıniyanın da sabitliyi üçün təhlükə yaradır. Buna görə də Rumıniya Ermənistan-Azərbaycan münaqişəsi də daxil olmaqla bütün münaqişələrin tezliklə həllinə böyük maraq göstərir.

Xəbər lenti

Xəbər lenti