...

Aqşin Mehdiyev: AŞPA sessiyasında Dağlıq Qarabağ və Azərbaycanda seçkilər məsələlərinə baxılmayacaq

Siyasət Materials 3 Aprel 2006 19:10 (UTC +04:00)
Aqşin Mehdiyev: AŞPA sessiyasında Dağlıq Qarabağ və Azərbaycanda seçkilər məsələlərinə baxılmayacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və Azərbaycanda keçiriləcək təkrar parlament seçkiləri kimi məsələlər müzakirə edilməyəcək. Bu barədə Trend ə Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib və qeyd edib ki, bu məsələlərdən heç biri sessiyanın gündəliyinə daxil edilməyib.

Eyni zamanda azərbaycanlı diplomat qeyd edib ki, sessiyada Azərbaycanla birbaşa, yaxud dolayısı ilə bağlı olan iki məsələ müzakirə ediləcək. Cənubi Qafqaz ölkələrində qaçqın və məcburi köçkünlər haqqında qətnamə layihəsi olan birinci sənədə gəlincə, A. Mehdiyev qeyd edib ki, "rəqəmlərlə bağlı bəzi səhvlər olmasına baxmayaraq həmin sənəd ümumiyyətlə pis deyil". "Qətnamə layihəsini redaktə etmək lazımdır və bu istiqamətdə iş aparılır"-deyə azərbaycanlı diplomat bildirib və qeyd edib ki, Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin üzvləri də Strasburqa gələndə məruzəçi ilə iş aparacaqlar. "Sənəd sessiyada qəti olaraq təsdiq olunacaq. Buna görə də öncədən hər hansı qiyməti vermək tezdir"-deyə A. Mehdiyev bildirib.

Postsovet məkanında ordularda insan haqlarına dair Əsasnamə olan ikinci məsələ ilə bağlı A.Mehdiyev qeyd edib ki, sənəddə Azərbaycan ordusundakı vəziyyətə də yer ayrılıb. "Sənəddə konkret nöqsanların göstərildiyinə baxmayaraq digər orduların fonunda Azərbaycanın milli ordusu pis görünmür" -deyə A. Mehdiyev bildirib və qeyd edib ki, məsələn, Ermənistan ordusunda insan haqları ilə bağlı vəziyyətə iki dəfə çox yer ayrılıb. "Şübhəsiz ki, söhbət nöqsanlardan gedir" -deyə səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti