Qazaxıstan parlamentinin spikeri Ural Məhəmmədcanov Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Yerjan Mukaş bildirib.
Müşavir qeyd edib ki, spikerin Bakıya səfəri 2006-2007-cı illərə planlaşdırılıb: "Məqsəd iki ölkənin parlamentlərarası əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə etmək olacaq". Səfirliyin rəsmisi onu da vurğulayıb ki, bu ilin yanvar ayında Qazaxıstan parlamentinin 10 illiyi ilə münasibətilə keçirilən tədbirdə iştirak edən Azərbaycan Milli Məclisi sədrinin müavini Valeh Ələsgərovun Qazaxıstan parlamentində səmərəli görüşləri olub: "Bu da onu deməyə əsas verir ki, parlamentlərarası əməkdaşlığı daha da inkişaf etdirməliyik".
Müşavir Qazaxıstan parlamentində Qazaxıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini bildirib: "Azərbaycan Milli Məclisində isə belə bir qrupun olması barədə məlumatımız yoxdur".
Qeyd edək ki, Milli Məclisdə millət vəkili Fərhad Qəribovun rəhbərliyi ilə 6 millət vəkilindən ibarət Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qurupu fəaliyyət göstərir.