13 may təkrar parlament seçkiləri ilə əlaqədar səsverməyə ən geci 7 gün qalmışadək seçicilərə bildiriş vərəqələri paylanılacaq. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsinin müdiri İradə Hacıyeva məlumat verib. O qeyd edib ki, mətbəəyə sifariş verilən bildiriş vərəqələri artıq hazırdır və təkrar seçkilərin keçiriləcəyi 10 dairənin seçicilərinə müvafiq vaxtda çatdırılacaq.
Şöbə müdiri onu da deyib ki, bildirişdən başqa, yeni seçici vəsiqələri də hazırdır. Bu vəsiqələr bu il 18 yaşına çatmış, həmçinin yaşayış yerini, soyadını dəyişmiş vətəndaşlara veriləcək. Qeyd edək ki, seçici vəsiqələri 5 illik müddətə verilir və ötən il parlament seçkilərində paylanmış seçici vəsiqələri bu il 13 may seçkisində və qarşıdakı 4 il ərzində keçiriləcək seçkilərdə də qüvvədə olacaq. Yalnız ötən il seçici vəsiqəsi almayan və sənədlərində dəyişiklik olan vətəndaşlara yenidən seçici vəsiqələri veriləcək. İ.Hacıyeva bildirib ki, müşahidəçilər üçün də xüsusi lövhəciklər hazırlanıb. MSK tərəfindən qeydə alınan 315 müşahidəçidən 107 nəfəri öz lövhəciklərini götürüb.