Budapeşt şəhər məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbycan ordusunun zabiti Ramil Səfərovun müdafiəsi məqsədilə kütləvi aksiyalar keçirməyi planlaşdıran bir qrup gənc Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Trend in məlumatına görə, gənclər aprelin 22-də saat 9.30-da Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevlə görüşəcəklər.
Yaşar Əliyev "Dalğa" Gənclər Hərəkatının təşəbbüsü ilə aprelin 22-də "Qələbə" meydanında keçiriləcək mitinqlə əlaqədar aksiya təşkilatçılarını İdarəyə çağırıb. Gənclərlə görüşdə Y.Əliyevin bu mitinqin keçirilməməsi üçün onlara tövsiyə verəcəyi gözlənilir. "Dalğa" Hərəkatının sədri Ramin Hacılı bildirib ki, o, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilmədiyi üçün aksiyanın təxirə salındığını rəis müavinin diqqətinə çatdıracaq. Həmçinin Ramil Səfərovla bağlı keçirmək istədikləri aksiyanın dinc xarakter daşıdığını, heç bir emosionallığa və qarşıdurmalara yol verməmək niyyətində olduqlarını da söyləyəcək. R.Hacılı gələn həftəyə təxirə salınan mitinqin dinc şəraitdə keçiriləcəyini sübut etmək üçün mitinqin ssenarisi barədə də məlumat vermək niyyətindədir.