...

Səməd Seyidov: Rassel Conston Cənubi Qafqaza səfər edəcək

Siyasət Materials 29 Aprel 2006 14:49 (UTC +04:00)
Səməd Seyidov: Rassel Conston Cənubi Qafqaza səfər edəcək

Avropa Şurasının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalıdır. Bu mövqe 2005-ci il yanvar sessiyasında qəbul olunmuş 1416 saylı qətnamədə deyildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünün tam tanınmasından ibarətdir. Bu barədə Trend agentliyinin məlumatına əsasən, aprelin 29-da Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərlə söhbətində bildirib.

"Qətnamədə aydın qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və respublikanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində etnik təmizləmə aparılıb. AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi aydındır və dəqiq ifadə olunub" - deyə S.Seyidov vurğulayıb.

AŞPA-nın qarşıdakı yay sessiyasının gündəliyinə gəldikdə, o bildirib ki, əsas diqqət Azərbaycan nümayəndə heyətinin təşkilatdakı mandatına ayrılacaq.

"Həm 2006-cı il 13 may təkrar parlament seçkilərinin nəticələri, həm də 2005-ci il 6 noyabr seçkilərinin nəticələri müzakirə olunacaq. Yəni hər iki seçkilərin nəticələrinə kompleks şəkildə baxılacaq" - deyə parlamentari bildirib.

Onun sözlərinə görə, Strasburqda keçirilməsi gözlənilən sessiyanın digər vacib məsələsi AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin növbəti görüşünün keçirilməsi olacaq. "Britaniyalı diplomat Lord Rassel Conston bu istiqamətdə ciddi iş aparır, xüsusilə də, onun regiona səfər etməsi gözlənilir" - deyə S.Seyidov qeyd edib. O əlavə edib ki, səfər çərçivəsində R.Constonun Azərbaycana, Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə gəlişi planlaşdırılır.

S.Seyidov Strasburqda Azərbaycan və Ermənistan parlamentarilərinin Strasburqda görüşməsini də istisna etməyib. "Bu, bizim üçün çox vacibdir. Biz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha vurğulamalıyıq. Xüsusilə bildirmək lazımdır ki, beynəlxalq təşkilatlar Bakını bu məsələdə dəstəkləyir" - deyə S.Seyidov əlavə edib.

Xəbər lenti

Xəbər lenti