...

AŞ müşahidə missiyası Azərbaycanda seçki prosesinin inkişaf etdiyini bəyan edir

Siyasət Materials 14 May 2006 15:05 (UTC +04:00)
AŞ müşahidə missiyası Azərbaycanda seçki prosesinin inkişaf etdiyini bəyan edir

Mayın 13-də Azərbaycanda təkrar parlament seçkiləri üzrə səsvermə zamanı irəliləyiş müşahidə olunub. 2005-ci il noyabr seçkilərində olduğu kimi, namizədlərin qeydiyyata alınma prosesi hər hansı partiya nümayəndəsinə üstünlük verilmədən hərtərəfli aparılıb. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 14-də Bakıda keçirilmiş mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, hollandiyalı parlamentari Leo Platvoet AŞPA xüsusi komitəsinin Azərbaycanda təkrar seçkilərlə bağlı bəyanatını oxuyarkən bildirib.

Bununla yanaşı, L.Platvoet təkrar parlament seçkilərinin ölkənin bəzi müxalifət partiyaları tərəfindən boykot edilməsindən təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, bu, "seçicilərə tam plüralist seçim etməyə imkan verməyib".

"Seçkiqabağı kampaniya zamanı 2005-ci ildə yol verilmiş qanunvericiliyin pozulması faktları qeydə alınmayıb və bu, şübhəsiz ki, müsbət məqamdır", - deyə o vurğulayıb.

"Müşahidələrimizə görə, Azərbaycanda 13 may səsvermə prosesi yüksək peşəkar səviyyədə təşkil olunub. Seçicilərin barmaqlarının mürəkkəbə batırılması mexanizmi beynəlxalq normalara uyğun həyata keçirilib və eyni vətəndaşın təkrar səsverməsinin qarşısını almağa imkan verib",- deyə L.Platvoet qeyd edib.

O, seçicilərin siyahısının dəqiqliklə tərtib olunmasını yüksək qiymətləndirib. "Biz seçicilərin siyahıya daxil edilməməsi ilə bağlı cəmi bir neçə hal qeydə aldıq ki, bu da vaxtında məhkəmə qaydasında həll olundu", - deyə L.Platvoet əlavə edib.

O qeyd edib ki, AŞPA-nın 18 nümayəndəsi mayın 13-də ölkənin 8 seçki dairəsində səsvermə prosesinin monitorinqini aparıb.

"Müsbət dəyişikliklər göz qabağındadır. Xüsusilə, MSK-nın AŞ-nin Venesiya Komissiyasına ünvanladığı məktubu qeyd etmək lazımdır. Məktubda respublikanın Seçki Məcəlləsinə bir sıra dəyişikliyin edilməsinə texniki yardım göstərilməsi xahişi öz əksini tapıb", - deyə L. Platvoet bildirib.

Onun sözlərinə görə, AŞPA müşahidə missiyasının təkrar seçkilərə dair hesabatı mayın 29-da Moskvada Assambleyanın daimi komissiyasının iclasında açıqlanacaq.

AŞPA-nın Monitorinq Komitəsi Assambleyanın iyun sessiyası zamanı Azərbaycanda 1480-ci məruzənin bəndlərinin implementasiyasında irəliləyişin göz qabağında olmasına dair məruzəni təsdiq edəcək. Bu hesabata həm respublikada seçkiqabağı vəziyyətini təhlili, həm də 13 may 2006-cı il seçkiləri üzrə səsvermənin gedişi daxil ediləcək.

Qeyd edək ki, L.Platvoyetin çıxışı Moskva iclasının gündəliyində 10-cudur. Daha sonra isə həmin məsələ ilə bağlı müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti