...

Spikerin başçılıq etdiyi nümayəndə heyəti Estoniyaya yola düşüb

Siyasət Materials 30 May 2006 12:14 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Avropa Şurası ölkələrinin parlament sədrlərinin Tallin Sammitində və Finlandiya parlamentinin Helsinkidə keçiriləcək 100 illik yubileyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün Estoniyaya yola düşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları, Parlament Aparatının və Katibliyinin məsul işçiləri daxildirlər. Mayın 30-da Milli Məclis sədrinin başıçılıq etdiyi parlament nümayəndə heyətinin iştirakı ilə Avropa Şurası ölkələrinin parlament sədrlərinin Tallin Sammiti öz işinə başlayacaq. Tədbirdə "Parlament diplomatiyası vasitəsilə əlaqələrin yaradılması", "Ölkə daxilində və onun hüdudlarından kənarda plüralist demokratiyanın inkişafında parlamentlərin rolu" və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İyunun 1-də parlament nümayəndə heyətimiz Finlandiya Parlamentinin 100 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Tallindən Helsinkiyə yola düşəcək. Sonra Milli Məclisin nümayəndə heyəti Latviyada olacaq. Səfər müddətində nümayəndə heyətimiz Azərbaycanın Latviyadakı səfirliyinə gedəcək, bu ölkədə yaşayan soydaşlarımızla görüşəcək.

Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun Finlandiya Respublikasının prezidenti xanım Tarya Kaarina Halone, Latviya Seyminin sədri xanım İnqrida Udre, Estoniya Parlamentinin sədri Tumas Iarek, Rumıniya Parlamentinin sədr müavini Teodor Meleşkanu, Latviya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun üzvləri və bir sıra rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Parlament nümayəndə heyətinin səfəri iyunun 4-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti