Rəsmi versiya bundan ibarətdir ki, Mahmudəli Çöhrəqanlı öz ailəsi ilə birlikdə Azərbaycandan ABŞ-a getmək istədiyini deyib. Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlının Azərbaycandan ABŞ-a getməsi ilə bağlı yaranan söhbətlərə münasibət bildirərəkən deyib.
Ə.Əhmədov onu da qeyd edib ki, məlum məsələ ilə bağlı xoşagəlməyən ajiotaj yaratmağa ehtiyac yoxdur.
YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da məlum məsələyə münasibətini bildirib: "Mahmudəli Çöhrəqanlının Bakıdan çıxarılması termini ilə razılaşmıram. GAMOH lideri Azərbaycana gəldikdən sonra özü ABŞ-a getmək üçün təşəbbüs göstərib. Əgər Azərbaycan hökuməti Çöhrəqanlını çıxarmaq niyyətində olsaydı, onun Bakıya gəlməsinə maneə yaradardı".
M.Qurbanlı M.Çöhrəqanlının guya Azərbaycan hökumətinin ona qarşı laqeyd münasibət bəsləməsi ilə bağlı verdiyi bəyanatına da toxunub: "Belə bir bəyanatı onun dilindən eşitməmişəm. Qəzetlərdə yazılan hər məlumata inanmaq olmaz". M.Qurbanlı onu da qeyd edib ki, M.Çöhrəqanlının Bakıda qalması da Azərbaycan üçün heç bir problem yaratmayacaqdı: "Təəssüflər olsun ki, onun özü Bakını tərk etmək istəyində olub".