Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın iştirakı ilə nəqliyyat sahəsi də daxil olmaqla, əməkdaşlığın genişləndirilməsi vacibliyini vurğulayıb. Bu barədə o, Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, Asiyada qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin 2-ci zirvə görüşündə bəyan edib.
"Bizim ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Bizi regional əməkdaşlıq planları birləşdirir" - deyə İ. Əliyev qeyd edib. O deyib ki, Azərbaycanın planlaşdırdığı nəqliyyat layihələrinin regionun inkişafı üçün böyük əhəmiyyəti ola bilər.
"Bunların həyata keçirilməsi inteqrasiya proseslərinin dərinləşməsi üçün yeni şərait yarada bilər və Azərbaycan bu istiqamətdə vacib rol oynamağa hazırdır" - deyə o əlavə edib. Prezidentin sözlərinə görə, "hazırda biz Avropa ilə Asiya arasında böyük dəmir yolu körpüsünün tikinti layihəsi üzərində işləyir, Şimal-Cənub nəqliyyat dəhlihinə böyük önəm veririk".
Bununla yanaşı, İ.Əliyev deyib ki, beynəlxalq terrorizm də daxil olmaqla, regionda bu planları poza bilən böyük təhlükələr var. Onun fikrincə, bunların qarşısını almaq üçün bütün ölkələrin səylərini birləşdirmək lazımdır. "Terrorizmin milliyyəti, dini yoxdur" - deyə o vurğulayıb. Prezident xatırladıb ki, beynəlxalq terrorizm Azərbaycana da böyük ziyan vurub.
Eyni zamanda o, diqqəti Dağlıq Qarabağ probleminə də yönəldib. "Bir milyondan çox həmvətənənimiz qaçqın və məcburi köçkündür" - deyə İ.Əliyev bildirib. Bununla əlaqədar, o, BMT-nin poblemlə bağlı qəbul etdiyi bütün müvafiq qətnamələrin icrasına çağırıb.