...

"Azadlıq" bloku İranda yaşayan azərbaycanlıların prloblemlərinə həsr olunmuş dəyirmi masa təşkil edib

Siyasət Materials 20 İyun 2006 17:08 (UTC +04:00)

"Azadlıq" blokunun təşkilatçılığı ilə iyunun 20-də "İranda yaşayan soydaşlarımızın problemləri və Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifələr" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbirdə blokun liderləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbəri, deputatlar, hüquq müdafiəçiləri, ziyalılar, Güney Azərbaycan olan nümayəndələr, həmçinin İran səfirliyinin əməkdaşı və başqa qonaqlar iştirak ediblər.

"Azadlıq" blokunun həmsədri Əli Kərimli mayın 22-dən başlayaraq Güney Azərbaycanda baş verən hadisələri, davamlı keçirilən etiraz aksiyalarını xatırladaraq Azərbaycan Respublikasında bu hərəkatın diqqətdə saxlanmasının, laqeyd münasibət göstərilməməsinin vacibliyini qeyd edib. Sonra "Azadlıq" blokunun dünyada yaşayan azərbaycanlılarla iş üzrə Komissiyasının Güney Azərbaycandakı son hadisələrlə bağlı hazırladığı məruzə dinlənilib.

Güney Azərbaycan Milli Hərəkatın Müdafiə Komitəsinin rəhbəri Cahandar Bayoğlu bildirib ki, Güneydə gedən proseslər kənar ölkələrin müdaxiləsi və təşkilatçılığı ilə baş vermir, əksinə ölkənin öz daxilindən qaynaqlanır.

"Oyanış" Televiziyasının Bakı nümayəndəsi Əlirza Eminbəyli də qeyd edib ki, İran hakimiyyəti Güney azərbaycanlıların milli hərəkatını başqa adlarla ləkələməyə çalışır.

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bütöv Azərbaycan ideyasının ilk dəfə Əbülfəz Elçibəy tərəfindən ciddi şəkildə Azərbaycanın ictimai-siyasi gündəmə gətirildiyini xatırladıb, Güney Azərbaycan məsələsi ilə bağlı ölkənin bütün qüvvələrinin birləşməsinin zəruriliyini vurğulayıb.

Millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycanlıların hüquqlarının pozulması, onların milli hərəkatı ilə bağlı böyük miqyaslı Forum keçirilməsini təklif edib.

Güney Azərbaycandan mühacir olan Böyük Rəsuloğlu telefon bağlantası ilə tədbirə qatılaraq İranda baş verən hadisələr barədə məlumat verib, 25 nəfərin həlak olduğunu, xeyli sayda yaralı və həbs edilənlərin olduğunu deyib.

İranın Azərbaycandakı səfirliyinin birinci katibi Mustafa Məşhədli isə çıxışında bu ölkədəki aksiyalar zamanı ölənlərin olmadığını deyib. Onun sözlərinə görə, İranda bir karikatura ilə azərbaycanlıların təhqir olunması faktına bu ölkənin prezidenti, parlament sədri reaksiya veriblər, günahkar cəzalandırılıb və azərbaycanlıların keçirdikləri etiraz aksiyaları milli hərəkat xarakteri daşımır.

Xəbər lenti

Xəbər lenti