İyunun 28-də Gəncədə Azərbaycan Milli Bələdiyyələr Assosiasiyasının yaradılması layihəsi üzrə işçi qrupunun 4-cü iclası başlayacaq. Trend in Avropa Şurasının Yerli və Regional Bələdiyyələr Konqresinin katibliyinə istinadən xəbər verdiyi kimi, iclas 2 gün davam edəcək.
Tərkibinə 25 bələdiyyə üzvünün daxil olduğu MBA işçi qrupu AŞ-nin yerli və regional özünüidarətemə orqanları Konqresinin dəstəyi ilə yaradılıb.
Assosiasiyanın nizamnaməsinin layihəsi 2007-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulan MBA rəhbər qrupunun 7-ci seminarında nəzərdən keçiriləcək. Daha sonra layihə təsdiqlənmək üçün MBA Rəhbər Forumuna təqdim olunacaq.
İşçi qrupunun 3-cü görüşü 2006-cı il mayın 6-7-də keçirilib. AMBA-nın yaradılması üzrə proqramın layihə direktoru Karolin Martin Trend ə müsahibəsində Assosiasiyanın 2007-ci ilin əvvəllərində yaradılmasının planlaşdırıldığını bildirib.
Xatırladaq ki, işçi qrupunun 2-ci iclasının (Bakı, 8-9 fevral 2006-cı il) yekunları üzrə Tahir Quliyev qrupun rəhbəri, Gülnaz Salamova, Şəmistan Yusifov və Ramil Mustafayev isə onun müavinləri seçilib.
İşçi qrupunun rəhbərləri 2006-cı il fevralın 23-24-də Strasburqda keçirilmiş AŞ YRBK-nın yığıncağına dəvət olunub.