Dünya Azərbaycanlıları Konqresindən (DAK) qopan qrupun qurultay keçirməklə nəyəsə nail olmaq planı baş tutmayacaq. Bu barədə Trend ə Cavad Derəxtinin sədri olduğu DAK Məclisinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının lideri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Qeyd edək ki, iyunun 23-25-də İsveçin paytaxtı Stokholm şəhərində Məhəmmədrza Xiştinin sədrlik etdiyi DAK özünün IX qurultayını keçirəcək. Onu da bildirək ki, 1997-ci ildə yaradılan DAK iki hissəyə parçalanıb. Qurumun bir hissəsinə Cavad Derəxti, digərinə isə Məhəmmədrza Xişti rəhbərlik edir.
S.Rüstəmxanlı bildirib ki, DAK-dan qopan həmin qrup heç bir qurultay keçirmək təşəbbüsündə olmayıb: "Amma buna baxmayaraq həmin qrup qurultaya bənzər nəsə keçirmək istəyir. Bu da baş tutmayacaq. Çünki müəyyən insanlar artıq həmin qrupu tərk edib. Başlıcası onra görə ki, bizim təmsil olunduğumuz DAK qeydiyyatdan keçib".
S.Rüstəmxanlı onu da bildirib ki, bu gün DAK-ın birləşməsi ilə bağlı məsələ artıq gündəmdən düşüb. "Bu, nə vaxtsa baş verə bilərmi" sualımızı cavablandıran S.Rüstəmxanlı: "Artıq onlar tədbirlərini keçirməyə təşəbbüs göstəriblər. Bu da onu göstərir ki, birləşmək məsələsi indinin mövzusu ola bilməz".