...

Elmar Məmmədyarov Yaponiya xarici işlər nazirinin müavinini qəbul edib

Siyasət Materials 14 İyul 2006 19:34 (UTC +04:00)

14 iyulda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya xarici işlər nazirinin müavini xanım Akiko Yamanakanı qəbul edib.

Qonaq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin cari ilin fevral ayında Yaponiyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində önəmli rol oynadığını diqqətə çatdırıb, iki dövlət arasında imzalanmış müqavilələrin tərəflərarası əməkdaşlığın bir sıra sahələrini əhatə etdiyini xatırladıb.

Yaponiyanın Azərbaycanla dostluq münasibətlərinə mühüm yer ayırdığını qeyd edən qonaq Azərbaycanın demokratiya və azad bazar iqtisadiyyatının inkişafı istiqamətində səylərini yüksək qiymətləndirib. Həmçinin qonaq bir sıra digər sahələrdə, xüsusilə də sənaye istiqamətli sahələrin, əczaçılığın, kondisioner istehsalının, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində Yaponiya tərəfinin əməkdaşlıq etməyə hazır olduğunu nəzərə çatdırıb. Digər tərəfdən, Azərbaycanda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinin Cənubi Qafqaz regionunda da sabitliyə töhfə verəcəyinə inandığını bildirib. Yaponiyanın həmişə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov da öz növbəsində dövlət başçısının Yaponiyaya səfərinin və bu səfər zamanı qəbul olunmuş "Yaponiya və Azərbaycan arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında" birgə bəyanatın mühüm əhəmiyyətini vurğulayıb. BMT daxilində islahatların vacibliyini diqqətə çatdıran nazir Təhlükəsizlik Şurasının genişləndiriləcəyi təqdirdə, Yaponiyanın yeni daimi üzv kimi dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsində xüsusi rolu olacağına əminliyini ifadə edib.

Regionda sabitliyin bərqərar olmasında Azərbaycanın da maraqlı olduğunu bildirən nazir Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin və etnik təmizləmə aktlarının bu sabitliyə böyük əngəl olduğunu qonağın diqqətinə çatdırıb. Digər tərəfdən, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mərhələli proses olduğunu bildirərək, ilk öncə torpaqların işğaldan azad edilməsinin, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının, onların təhlükəsizliyinin və rifahının təmin olunmasının, daha sonra Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü daxilində statusunun müəyyənləşməsinin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti