Gürcüstanın baş naziri Zurab Noqaideli Azərbaycan bankının maliyyə kapitalının Gürcüstana cəlb ediləcəyinə ümid edir. Trend in Gürcüstandakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə Z.Noqaideli bu gün Tbilisi aeroportunda Brüsselə yola düşməzdən əvvəl bildirib.
O, Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevlə görüşüb və gələcək əməkdaşlıq planları müzakirə edilib.
"Azərbaycan bankı Gürcüstana ildə təxminən 400-500 milyon ABŞ dolları sərmayə qoymaq niyyətindədir və gürcü hökümət orqanları bu prosesə hər cəhətdən yardım edəcək", - deyə Noqaideli bildirib və qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycanın ən böyük bankıdır.
Gürcüstanın baş naziri Azərbaycan bankının Gürcüstana maraq göstərməsini Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi və Cənubi-Qafqaz qaz kəmərinin gələcək işi ilə əlaqələndirir.
"Aydındır ki, bu layihələr işləməyə başlayıb və Azərbaycan bankı ilə əlaqələrin yaranması buna ilk sübutdur", - deyə o bildirib.
Azərbaycan Beynəlxalq Bankının 50%-dən çox səhmi bu ölkənin hökümətinə məxsusdur. Bank 2005-ci ildə Azərbaycanın bank sektorunun 50,9% aktivinə (1 257,9 milyon ABŞ dolları), 53,48% kredit portfelinə, 61,91% depozitə, 24,58% səhm kapitalına (90,92 milyon ABŞ dolları) malik olub. 2006-cı ildə Azərbaycan Beynəlxalq Bankı beynəlxalq reytinq agentliklərindən uzunmüddətli BB+ və fərdi B alıb. EUROMONEY jurnalı Azərbaycanın bu bankını 2000-2004-cü illərdə Azərbaycanda ilin bankı, GLOBAL FİNANCE jurnalı isə Azərbaycan Beynəlxalq Bankını 2001-2005-ci illər ərzində inkişaf etməkdə olan bazar arasında bu titula layiq görüb.