...

Litvanın vitse-spikeri: "Azərbaycan və Litva arasında hələ heç vaxt bu qədər sıx münasibətlər olmayıb"

Siyasət Materials 1 Avqust 2006 13:31 (UTC +04:00)
Litvanın vitse-spikeri: "Azərbaycan və Litva arasında hələ heç vaxt bu qədər sıx münasibətlər olmayıb"

Trend in Litva Seyminin (parlament) sədr müavini Gintaras Stepanaviçusla müsahibəsi

- Cənab vitse-spiker, əvvəlcə, Azərbaycana səfərinizin məqsədləri barədə danışardınız.

- Litva xarici işlər nazirinin müavini Darius Yurqeleviçus və digər dostlarımızla birgə ötən həftə Bakıda olduq və Azərbaycana səfərimiz bir qədər qeyri-rəsmi xarakter daşıyırdı. Bir sıra qeyri-rəsmi görüşlər keçirdik, Azərbaycanın bəzi tarixi yerlərində olduq. Səfərimizin məqsədləri isə aydındır - Azərbaycanla yaxından tanış olmaq, reallıqları öz gözlərimizlə görmək istədik. Son zamanlar ölkələrimiz arasında əlaqələr daha da genişlənib, qarşılıqlı əməkdaşlıq yaranıb. Mən hesab edirəm ki, Litva və Azərbaycanın bir sıra ümumi ortaq məqsədləri var. Ona görə də bizim Azərbaycana səfərimiz heç də təsadüfi deyildi.

- Litva prezidentinin Azərbaycana səfərindən sonra dövlətlərarası münasibətlərdə nə kimi dəyişikliklər baş verib?

- Ümumiyyətlə, Litva prezidentinin Azərbaycana səfəri ilk növbədə dövlətlərarası isti münasibətlərin qurulması üçün yaxşı imkan idi. Prezidentimizin səfərindən sonra bu sahədə biz müsbət dəyişikliklər müşahidə edirik. Ancaq yalnız qarşılıqlı, ikitərəfli səfərlərlə kifayətlənməyəcəyik. Doğrudur, ölkə prezidentlərinin qarışlıqlı səfələri çox mühümdür, ancaq biz əlaqələrin çərçivəsini genişləndirmək niyyətindəyik. Hesab edirəm ki, rəhbər şəxslərin görüşləri ölkələr arasında iqtisadi sahədə də əməkdaşlığa təkan verməli, həmçinin mədəni və digər sahələrdə də əməkdaşlığa gətirib çıxarmalıdır. Nəhayət, biz daha sərbəst və intensiv şəkildə qarşılıqlı səfərlərə keçid almalıyıq. Buna görə də hesab edirəm ki, daha yüksək səviyyədə qarşılıqlı anlaşma və yaxınlaşmaya nail ola bilərik.

- Azərbaycan prezidentinin də Litvaya cavab səfəri gözlənilirmi?

- Bəli, gözlənilir və hesab edirəm ki, bu səfər mütləq olacaq. Çünki Litva prezidenti Bakıda olarkən qarşılıqlı dəvətini Azərbaycan rəhbərliyinə təqdim edib. Azərbaycan prezidentinin Litvaya rəsmi səfəri yəqin ki, gələn il baş tutacaq.
Mən onu əlavə etmək istərdim ki, Litva və Azərbayan arasında heç vaxt belə yaxın münasibətlər olmayıb. Güman edirəm ki, əlaqələrin inkişafı üçün yaxın zamanda daha effektli addımlar atılacaq. Bu ilin payızında biz Azərbaycanda Litvanın səfirliyini açacağıq. Gələn il Azərbaycan da Litvada öz səfirliyini açacaq. Yəqin ki, bu məsələlər Azərbaycan prezidentinin Litvaya səfəri zamanı müzakirə ediləcək və həllini tapacaq. Hesab edirəm ki, Azərbaycan prezidentinin cavab səfəri böyük əhəmiyyət daşıyır və dövlətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Bizim Azərbaycanda müşahidə etdiyimiz dəyişiklikləri sözlə ifadə etmək, media vasitəsilə çatdırmaq çətindir. Həmçinin sizin prezidentiniz də son 10 ildə Litvanın inkişafını, inteqrasiya prosesində əldə etdiyimiz uğurları görəcək.

- Azərbaycan və Litva parlamentlərarası əlaqələri hansı səviyyədədir? Bu münasibətlər tərəfləri qane edirmi?

- Parlamentlərarası münasibətlər Milli Məclisin sədri Oqtay Əsədovla görüşümüzdə də müzakirə olundu. Biz daha intensiv əlaqələr qurulmasının tərəfdarıyıq. Litva Seyminin sədri də Azərbaycan parlamenti ilə daha effektiv əlaqələrin yaradılmasını istəyir, görüşlərimiz zamanı onun bu mövqeyini də çatdırdım. Əlaqələrin inkişafı üçün, məsələn, parlamentlərin nümayəndə heyətləri qarşılıqlı şəkildə səfərlər edə, təcrübə mübadiləsi aparıla bilər. Konkret ideyalar ətrafında, bir-birimizə hansı sahələrdə yardım edə biləcəyimizlə bağlı müzakirələr aparıla bilər.

- Bəs Litva Azərbaycanın Avroatlantik məkana, digər Avropa strukturlarına inteqrasiyasında nə kimi yardımlar edə bilər?

- Bu məsələdə məqsədlər aydındır, biz istəyirik ki, Avropada təhlükəsizlik və iqtisadi əməkdaşlıq sferası genişlənsin. Ona görə də həm Avropa Birliyinin, həm NATO-nun tərkibinin genişlənməsi prosesinin davam etməsində maraqlıyıq. Biz demirik ki, bu gün dərhal yeni üzvlər qəbul ediləcək. Amma bu strukturlara addım-addım yaxınlaşmaq lazımdır. Bu da Avropa Birliyinə, NATO-ya üzv olmaq istəyən namizəd ölkələrin iqtisadi, hərbi sahədə inkişaf etməsinə, məhsullarının Avropa bazarlarına ixrac olunmasına, investisiyalarının artmasına təkan verir. Həmçinin beynəlxalq hüquq və normalara yaxınlaşmağa imkan yaradır. Məhz bu kimi imkanlar bizim tez bir zamanda inkişaf etməyimizə, iqtisadiyyatı gücləndirməyimizə səbəb olmuşdu. Litva bu gün özünü təhlükəsiz hiss edir və gələcəyi ilə bağlı daha parlaq perspketivlər görür. Litva Avropa Birliyinin, NATO-nun üzvü kimi, özünün 5-10 illik təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Çünki biz özümüz də bu yerlərə gəlib çıxana qədər hansı yolları keçdiyimizi yaxşı bilirik, xatırlayırıq. Azərbaycana da bu yolları keçməsi lazım gələcək.

- Litva ictimaiyyəti Azərbaycan barədə nə dərəcədə məlumatlıdır? O cümlədən Qarabağ problemi ilə bağlı həqiqətləri əks etdirən məlumatlara malikdirlərmi?

- İnsanların Azərbaycanla bağlı nə dərəcədə məlumatlı olmaları ilə bağlı onu deyə bilərəm ki, onlar bu barədə az danışırlar və kifayət qədər məlumatlı deyillər. Zaman-zaman Azərbaycan haqqında məlumatlar, müəyyən informasiyalar səsləndirilir. Əvvəllər Azərbaycan haqqında məlumat Litvada çox məhdud idi. Lakin vaxt ötdükcə ölkəniz barədə informasiyalar daha da artır. Bu da iki ölkə arasında əməkdaşlıq səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Təəssüf ki, Sovet İttifaqı dövründə bizim əlaqələrimiz ürəkaçan səviyyədə olmayıb, o vaxtkı təcrübə də indiki kimi deyildi. O dövrkü labüd ənənələr indi bizə bir-birimizi daha yaxşı anlamağa, qarşılıqlı mübadilələr aparmağa imkan verir. Başqa bir tərəfdən, bizim ölkələrimiz inteqrasiya prosesində maraqlıdırlar. Hesab edirəm ki, məhz bu məsələdə biz daha sıx əməkdaşlıq etməliyik.
Qarabağ məsələsinə gəldikdə isə, bu problem aktualdır və indi problemin diplomatik müstəvidə həllinə üstünlük verilir. Biz də hesab edirik ki, bu münaqişənin diplomatik yolla həll edilməsi daha məqsədəuyğundur.

- Litvadakı Azərbaycan diasporu nə dərəcədə fəaldır?

- Mən deyərdim ki, Litvada çox diqqət cəlbedən və güclü təsirə malik Azərbaycan diasporu yoxdur. Amma Litvada minə qədər etnik azərbaycanlı yaşayır, onlar bu ölkənin vətəndaşlarıdır. Sizin soydaşlarınız çox mədəni, hörmətəlayiq adamlardır. Həm də fəallıqları var, özlərinin cəmiyyətlərini, təşkilatlarını qurublar. Azərbaycanlılar arıtq bizim ölkəmizə inteqrasiya ediblər və Litvanın dövlətçiliyinin möhkəmlənməsinə onlar da öz töhvələrini verirlər.

Xəbər lenti

Xəbər lenti