Azərbaycan tərəfi ATƏT Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzaya Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı mövqeyini izah edib. Bu barədə, Trend agentliyinin "ATI" telekanalına istinadən yaydığı məlumata əsasən, Azərbaycan prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi, xarici işlər naziri müavini Araz Əzimov bildirib.
Onun sözlərinə görə, Minsk Qrupunun amerikalı həmsədrinin dəyişdirilməsindən sonra rusilalı və fransalı həmsədrlər Yuri Merzlyakov və Bernar Fasyenin də dəyişdirilməsi istisna deyil. "Bu baxımdan M.Brayzanın regiona səfəri müəyyən perspektivlər açır" - deyə A.Əzimov qeyd edib.
Amerikalı həmsədrin "Dağlıq Qarabağın statusunu 1988-ci ildə oranı tərk etmiş adamlar da daxil olmaqla, Qarabağ xalqı müəyyən etməlidir" bəyanatını şərh edən A.Əzimov bildirib ki, orada yaşayan adamları "xalq"a deyil, "əhali"yə aid etmək lazımdır. "Hesab edirik ki, Dağlıq Qarabağın statusunun gələcəkdə müəyyənləşdirildiyi təqdirdə bu məsələdə regionu tərk etmiş adamlar da iştirak etməlidir. Burada həm Azərbaycan, həm də erməni icmalarının maraqları nəzərə alınmalıdır" - deyə o vurğulayıb. Nazir müavininin sözlərinə görə, bu məsələyə yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasından sonra baxıla bilər.